“Haykuy” tayfunu Honkonqda insan tələfatına səbəb olub VİDEO
Pekin, 8 sentyabr, AZƏRTAC
“Haykuy” tayfununun gətirdiyi rekord miqdarda yağış Çinin Honkonq xüsusi inzibati ərazisində 2 nəfərin ölümünə, dördü ağır olmaqla 110 nəfərin xəsarət almasına səbəb olub.
AZƏRTAC Honkonq hökumətinin məlumatına istinadla xəbər verir ki, ötən gecə şəhərin bəzi yerlərində yağıntının miqdarı 200 millimetrə çatıb. Bu, 1884-cü ildən sonra ən yüksək göstəricidir. Şiddətli yağışlardan yaranan su inzibati binalara, ticarət və iaşə obyektlərinə, evlərə dolub. Ən yüksək səviyyədə yağış xəbərdarlığı elan edib. Şəhər hökuməti məktəblərdə tədrisin, Asiyanın maliyyə mərkəzi olan Honkonqun fond birjasında əməliyyatların dayandırılmasına qərar verib. Təbii fəlakətlə mübarizə və onun fəsadlarının aradan qaldırılması üçün xüsusi qərargah yaradılıb. Təbii fəlakətdən zərər görənlərin yerləşdirilməsi üçün şəhərdə 12 müvəqqəti çadır qurulub.
Şiddətli yağışlar Honkonq ilə yanaşı, Şencen şəhərində də fəsadlar törədib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin