CƏMİYYƏT
Hazırda 47 nəfər məhkumluqdan azad olunmuş şəxsə sosial-psixoloji yardım göstərilir




Bakı, 18 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində penitensiar müəssisələrdə cəzaçəkmədən azad olunmuş şəxslərlə sosial-psixoloji tədbirlər davam etdirilir. “Penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanuna əsasən aparılan prosesdə sosial xidmətə ehtiyacı olan şəxslər sosial reabilitasiya və adaptasiyayönümlü xidmətlərlə əhatə olunurlar.
Reabilitasiya prosesində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən şəxslərə qiymətləndirmənin nəticələrinə əsasən ilkin psixoloji yardım göstərilir, onlar tibbi xidmətlərə yönləndirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məhkumluqdan azad olunmuş şəxslərin sosial problemlərinin həllinə müvafiq dəstək göstərilir və onların cəmiyyətə qayıdışına hazırlıq prosesi həyata keçirilir.
Agentliyin mütəxəssisləri bu məqsədlə cəza çəkmədən azad olunan şəxslərin ailələrinə səfərlər edərək qiymətləndirmə aparır və onlar nəticəyə uyğun olaraq müvafiq sosial xidmətlərə cəlb edilirlər.
Bu ilin ötən dövründə 47 nəfər məhkumluqdan azad olunmuş şəxsin qiymətləndirməsi aparılıb və hazırda onlara sosial-psixoloji yardım xidməti göstərilir.
Sosial işin idarə edilməsi sistemi vasitəsilə sosial işçilər tərəfindən aparılan yardım prosesi həmin kateqoriyadan olan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması, törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədi daşıyır.