Heç bir təhdid Azərbaycanı ədalətli mübarizəsindən geri döndərə bilməyəcək: Deputatlardan sərt reaksiya
Bakı, 27 yanvar, AZƏRTAC
Bu gün Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücum Azərbaycan ictimaiyyətini kədərləndirib və kəskin qınanıb. Bu terror aktına bütün xalqımız kimi, Milli Məclisin deputatları da etirazlarını bildirirlər.
Parlamentin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva qeyd edib: “İrandakı səfirliyimizə xain hücumu hiddətlə qınayırıq. Bu qanlı terror hadisəsi mütləq öz hüquqi qiymətini almalıdır. Bir ölkənin səfirliyi, həmin ölkənin ərazisi hesab edilir. Və bu hadisə də təkcə səfirliyimizə deyil, ölkəmizə qarşı hücum, terror anlamına gəlir”.

Deputat diqqətə çatdırıb ki, bu hücumla beynəlxalq hüququn bütün normaları pozulub. Buna görə təkcə hadisəni törədən deyil, İran hakimiyyəti də cavabdehlik daşıyır. Azərbaycana qarşı hər hansı xain, ikiüzlü planı olan hər kəs bir daha bilsin və eşitsin: “Heç bir təhdid, heç bir təzyiq Azərbaycanı doğru yolundan və ədalətli mübarizəsindən geri döndərə bilməyəcək!”.

Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu törədənlərin dərhal məsuliyyətə cəlb edilməli, sifarişçilərin həbs olunmalı, bu kimi vəhşiliklərə son qoyulmalı olduğunu deyən deputat Məzahir Əfəndiyev isə bildirib: “1961-ci il aprelin 18-də qəbul olunmuş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında müəyyən edilmiş müddəalara əsasən Azərbaycan Respublikasının səfirliyinin binasının və akkreditə olmuş əməkdaşlarının təhlükəsizliyini təmin etmək məhz İran dövlətinin üzərinə düşən öhdəlikdir.
İnanıram ki, bu kimi vəhşiliyi və vandallığı törətmiş şəxslər, eləcə də onların himayədarları İran dövləti tərəfindən tezliklə rəsmən ifşa olunacaq, beynəlxalq hüququn normaları çərçivəsində törədilmiş cinayət aktına münasibət bildiriləcək”.
Milli Məclisin deputatı Vüqar İskəndərov isə deyib ki, rəsmi Tehran təcili və təxirəsalınmaz şəkildə bu xain hücumun təşkilatçılığını həyata keçirən insanları tapıb mühakimə olunmasını təmin etməlidirlər.

“Son zamanlar digər ölkələrdə də Azərbaycan səfirliklərinə edilən hücumlar bir neçə məsələni özündə ehtiva edir. Bu, Azərbaycanın geosiyasi anlamda yaratdığı yeni konfiqurasiya ilə bağlıdır. Bu gün Azərbaycan sayılıb-seçilən dövlətlər sırasındadır. Azərbaycanın yürütdüyü siyasət bölgəyə həm siyasi, həm iqtisadi geosiyasi və qlobal anlamda böyük dividendlər gətirir. İranda baş verən hadisə bir daha onu göstərir ki, Azərbaycanı sevməyən, onun tarixi Qələbəsini həzm etməyən qüvvələr belə xain hücumlarla, digər təxribatlarla ölkəmizin iradəsini sarsıtmağa cəhd göstərirlər. Belə qüvvələr İran daxilində də kifayət qədərdir. Bütün bunlar isə əbəsdir. Azərbaycan sürətli inkişafını davam etdirəcək”, - deyə deputat vurğulayıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov da öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı adlandırıb.
“Nəzərə alaq ki, səfirliklərin yerləşdiyi ərazilər həmin ölkənin ərazisi hesab edilir. Səfirliyin təhlükəsizliyinin təminatı həmin ölkənin məsuliyyətindədir. Belə ki, 1961-ci ildə Vyana konqresində qəbul olunan Diplomatik Əlaqələr Haqqında Konvensiyaya görə hər bir dövlətin üzərinə ərazisində olan səfirlik binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun təhlükəsizliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. Bu baxımdan, beynəlxalq konvensiyaya uyğun olaraq Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır. İran hökuməti Azərbaycan səfirliyinə hücuma məişət donu geyindirməyə çalışsa da, baş verən hadisə hər şeyi ortaya qoyur”, - deyə komitə sədri vurğulayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev də açıqlamasında Tehranda səfirliyimizə edilmiş silahlı hücuma görə İranın bilavasitə məsuliyyət daşıdığına diqqət çəkib: “Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücum birmənalı şəkildə vəhşi terror aktıdır, məsuliyyətli tərəflər mütləq ifşa olunmalı və cəzalandırılmalıdır. 1961-ci ildə qəbul olunan Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərin təhlükəsizliyini diplomatik nümayəndəliyin yerləşdiyi dövlət təmin etməlidir. Baş verən hadisənin görüntülərindən də aydın olur ki, İran dövləti Azərbaycan səfirliyinin təhlükəsizliyini ya zəif təşkil edib, ya da, ümumiyyətlə, beynəlxalq hüquqla üzərinə düşən öhdəliklərə məhəl qoymayıb. Məlumdur ki, belə oxşar hadisələr İran tarixində daha çox baş verir və təşkil olunur”.

AHİK sədrinin sözlərinə görə, bu hadisə Azərbaycana, onun xalqına, Güneydə yaşayan soydaşlarımıza, həmçinin sivil dünyaya qarşı törədilmiş xain hücumdur və mütləq beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən qınanılmalı və tədbir görülməlidir. Səfirliyin yerləşdiyi ölkə olaraq İran bilavasitə məsuliyyət daşıyır və Azərbaycan tərəfinə rəsmi cavab verməlidir. Hazırda terror aktının izini itirmək üçün müxtəlif bəhanələrə əl atılır, hadisəyə məişət donu geyindirməyə çalışırlar. Amma bu faciə, qanlı hadisə dəqiq araşdırılmalı, motivləri obyektiv açıqlanmalıdır.
Deputatlar hadisə nəticəsində şəhid olan səfirlik əməkdaşına Allahdan rəhmət, yaralananlara şəfa diləyib, bu qanın yerdə qalmayacağını bildiriblər.