Həkim-ftiziatr: Tozlu havada küçəyə çıxarkən maskadan və eynəkdən istifadə etmək məsləhətdir
Bakı, 27 noyabr, AZƏRTAC
Tozlu havada küçəyə çıxmaq zərurəti olduqda maskadan və eynəkdən istifadə etmək məsləhətdir.
Bunu AZƏRTAC-a 2 saylı Ağciyər Xəstəlikləri Dispanserinin ağciyər üzrə mütəxəssisi, həkim-ftiziatr Afət Novruzova tozlu havanın insan orqanizminə təsiri ilə bağlı fikirlərini söyləyərək deyib.
Mütəxəssis bildirib ki, Bakı küləkli şəhər olduğuna görə toz, kimyəvi məhlullar və gözlə görünməyən kiçik mikrohissəciklər orqanizmə daxil ola bilir. “Şəhərdə hərəkət edən avtomobillərin sayının çox olması, açıq havada insanların siqaret çəkməsi, tullantıların yandırılması, kanalizasiya sularının bəzən küçəyə axıdıldığı və s. faktorlar havanın çirklənməsinə gətirib çıxarır. Bu tullantılar buxarlanaraq havaya qalxır və küləkli havada toz-torpaqla qarışaraq yuxarı tənəffüs yollarına daxil olurlar. Toz-torpaqla qarışaraq böyüklüyü 150 mikron olan toz hissəcikləri orqanizmə daxil olaraq yuxarı tənəffüs yollarında ilişib qalır. Ölçüsü 50-100 mikron arasında olan toz hissəcikləri isə aşağı tənəffüs yollarına qədər enə bir, astma, allergiya və ağciyər xərçənginə qədər səbəb ola bilir. Həmin hallar immun sistemi aşağı olanlara xüsusilə mənfi təsir göstərir”, - deyib.
Toz hissəciklərinin gözə daxil olaraq da müxtəlif xəstəliklər törətdiyini deyən A.Novruzova bildirib ki, immun sistemi aşağı olanlar çalışmalıdırlar ki, tozlu havada küçəyə çıxmasın, xüsusilə uşaqları həmin havadan qorumaq lazımdır. Tozlu havalarda küçəyə çıxmaq zəruri olduqda isə maskadan və eynəkdən istifadə etmək məsləhətdir.