DÜNYA
Həlak olmuş 94 hərbi qulluqçunun nəşi Ukraynaya təhvil verilib

Kiyev, 20 noyabr, AZƏRTAC
Rusiya tərəfi həlak olmuş daha 94 nəfər hərbi qulluqçunun cəsədini Ukraynaya geri qaytarıb.
Bu barədə AZƏRTAC Hərbi əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahının telegram kanalına istinadla xəbər verir.
“Bu gün Ukraynanın 94 hərbi müdafiəçisinin nəşlərinin (cəsədlərinin qalıqlarının) nəzarət altında olan əraziyə qaytarılması mümkün olub” – məlumatda qeyd olunub.
Məlumata əsasən, həlak olmuş hərbçilərin geri qaytarılması Hərbi əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı, Ukrayna Təhlükəsizlik Xidməti (UTX), Daxili İşlər Nazirliyi, Ukrayna Silahlı Qüvvələri (USQ), Sum vilayətindəki Fövqəladə Hallar üzrə Dövlət İdarəsi, sərhədçilər və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Həmçinin bildirilib ki, beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Ukraynaya qarşı silahlı təcavüz nəticəsində həlak olmuş döyüşçülərin cəsədləri qarşı tərəfə təhvil verilib".
"Ukrayna Silahlı Qüvvələri həlak olan şəxslərin geri qaytarılmış cəsədlərinin və nəşlərinin qalıqlarının müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarının nümayəndələrinə və məhkəmə-tibb ekspertlərinə təhvil verilməsi məqsədilə onların müvafiq ixtisaslaşmış dövlət qurumlarına çatdırılmasını təmin edəcək" – deyə qərargahdan bildirilib.
Qeyd edək ki, Rusiya və Ukrayna mütəmadi olaraq hərbçilərin cəsədlərini mübadilə edirlər. Sonuncu mübadilə oktyabrın 27-də həyata keçirilib və 50 döyüşçünün nəşi Ukraynaya təhvil verilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev