Helsinkinin Amos Rex muzeyi 2018-ci ilin ən innovativ binalarından biri olacaq
Helsinki, 6 yanvar, AZƏRTAC
Britaniyanın BBC teleradio yayım şirkəti 2018-ci ildə inşa ediləcək səkkiz ən innovativ və maraqlı binaların adını açıqlayıb. Helsinkidəki Amos Rex muzeyi də bu siyahıya daxil edilib.
Yeni muzey kompleksi əvvəllər Helsinki avtovağzalının olduğu Lasipalatsinaukio meydanındakı Şüşə sarayda (Lasipalatsi) və yerin altında yerləşəcək.
Bu mədəniyyət kompleksi Şüşə sarayda yerləşən Bio Rex kinoteatrını xatırlatmaq üçün Amos Rex adlandırılacaq və Amos Andersonun Mədəniyyət Muzeyi buraya köçürüləcək. Yeraltı muzeyin tikintisi ilə yanaşı 1935-ci ildə funksionalizm tərzində inşa edilmiş Şüşə sarayın əsaslı təmiri də aparılır. İnşaat işlərini və muzeyin fəaliyyətini İsveç fondu Föreningen Konstsamfundet maliyyələşdirir. Amos Rex muzeyinin açılışı bu il yayın sonu, yaxud payızın əvvəlinə nəzərdə tutulub. Dünyanın ən innovativ tikililəri siyahısına Gizada yerləşən Böyük Misir Muzeyinin yeni binası, Çindəki Uxan Qrinlend Mərkəzinin 120 mərtəbəli göydələni, Kopenhagendəki BLOX binası, Fransanın Narbon şəhərində qədim Roma qalasının bərpa işləri ilə tanış olmaq imkanı verən muzey və Dandi şəhərində açılacaq Şotlandiyanın ilk dizayn muzeyi də daxildir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki