DÜNYA
HƏMAS-ın əsir götürdüyü Tailand vətəndaşlarının sayı 19-a çatıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi vaxtdan bəri HƏMAS hərəkatı tərəfindən əsir götürülən Tailand vətəndaşlarının sayı 19 nəfərə yüksəlib, 30 tailandlı həlak olub, 16-sı isə xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tailandın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Oktyabrın 20-də Tailand Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə səkkiz vətəndaşın nəşi Suvannaphum aeroportuna gətirilib. Oktyabrın 7-dən bəri İsraildən Tailanda mindən çox tailandlı işçi təxliyə olunub. Ayın sonunadək isə 8,3 min tailandlının vətənlərinə qaytarılması ilə bağlı işlər aparılır.
Tailandın “Thai Airways” və “Nok Air”, həmçinin Malayziyanın “AirAsia” aviakompaniyaları oktyabrın sonlarına qədər İsraildən təxliyə reysləri həyata keçirəcək. Mülki aviasiya və Hərbi Hava Qüvvələrinin köməyi ilə sutka ərzində 400-ə yaxın insanın İsraildən çıxarılması planlaşdırılır.
Qeyd edək ki, vəziyyət gərginləşən zaman İsraildə ümumilikdə 30 minə yaxın tailandlı olub.