HƏMİDƏ XANIM CAVANŞİRİN 130 İLLİYİ QEYD EDİLMİŞDİR
Azərbaycanın görkəmli ziyalı xanımı, böyük Mirzə Cəlilin ömür-gün yoldaşı və silahdaşı Həmidə xanım Cavanşirin-Məmmədquluzadənin anadan olmasının 130 illiyi münasibətilə fevralın 28-də Cəlil Məmmədquluzadənin ev muzeyində xatirə gecəsi keçirilmişdir.
Muzeydən AZƏRTAC-ın müxbirinə demişlər ki, gecədə professorlar Xeyrulla Məmmədov, Sabir Gəncəli, hərbçi Adil Kəngərli, Həmidə xanımın yaxın qohumu Nurlanə Cavanşir, muzeyin direktoru Pəri Mahmudova və başqaları çıxış edərək Azərbaycanın ilk maarifçi qadınlarından biri olmuş Həmidə xanım Cavanşirin zəngin və keşməkeşli həyat yolundan, bu əzmkar, mərd qadının taleyin onunla amansız davranışı qarşısında heç vaxt sınmamasından, göstərdiyi xidmətlərlə mədəniyyətimizdə özünəməxsus yeri olduğunu sübut etməsindən danışmışlar.
Qeyd edilmişdir ki, Həmidə xanım anadan olduğu Ağcabədinin Kəhrizli kəndində qadınlar üçün ilk məktəb və toxuculuq emalatxanası açmış, Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından və sədr müavini olmuş, Qarabağda yaşayan müxtəlif xalqların dostluğunu möhkəmlətmək məqsədilə konsert və teatr tamaşaları təşkil etmiş, “Molla Nəsrəddin” jurnalının nəşrində, onun səhifələrində qadın azadlığı məsələlərinin işıqlandırılması istiqamətində böyük xidmətlər göstərmişdir. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Həmidə xanım atasının və Cəlil Məmmədquluzadənin bioqrafiyalarını, Mirzə Ələkbər Sabir haqqında xatirələr yazmış, yazıçılarımızın əsərlərini rus dilinə tərcümə etmişdir.
Həmidə xanımın nəvəsi, Tibb Universitetinin dermatovineralogiya kafedrasının müdiri, əməkdar elm xadimi, professor Mina Davatdarova çıxış edərək nənəsinin xatirəsinə göstərdikləri diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Gecənin sonunda Həmidə xanıma həsr olunmuş “Bir içim ömür” sənədli televiziya filmi nümayiş etdirilmişdir.