Həmişə ucalıqda
Bakı, 30 mart, AZƏRTAC
O gecə atası Kamal, anası Raziyə yuxusunu qarışdırmışdı...
Atası xatırlayır: “Həmin gecə yuxum gəlmirdi, çox gec yatdım. Haradasa gecə saat 3 radələrində gördüm ki, Zaur məni çağırır. Heç kəsə heç nə demədən oyanıb həyətə çıxdım. Oğlumun sağ-salamat olması üçün dualar etdim”.
Anası deyir: “Həmin gecə evdən çıxmağından 21 gün ötürdü. Yuxuda şirniyyat, tort görmüşdüm. Güman edirdim ki, sabah Zaur danışıb xoş bir xəbər verəcək”...
Kimin ağlına gələrdi ki...
AZƏRTAC xəbər verir ki, Zaur Mədətov ötən il sentyabrın 21-də hərbi vəzifəlilərin təlimlərinə çağırılıb. Sentyabrın 27-dən Vətən torpaqlarının erməni quldurlarından təmizlənməsi uğrunda döyüşlərdə iştirak edib. Cəbrayıl və Füzulinin kəndlərinin işğalçılardan azad olunması əməliyyatlarında şücaət göstərib.
Anası ilə sonuncu dəfə oktyabrın 2-də danışıb: “Burada hər şey yaxşıdır. Özünüzə yaxşı baxın, amma hər şeyə də hazır olun. Vaxt olan kimi danışacağam”...
Atası ilə son telefon danışığı oktyabrın 6-da olub: “Yaxşıyam, məndən narahat olmayın”...
Amma necə narahat olmayasan? Bir yerdə ki, azğın düşmənlə Vətən torpaqlarının azadlığı uğrunda ölüm-dirim savaşı gedir, o torpaqların hər qarışına igidlərin qanı axır, hər metri uğrunda qurbanlar verilir, narahat olmamaq mümkündürmü?
Zaur həmişə yüksəkliyə can atırdı. Axı, o idmançı idi. Dəfələrlə çıxış etdiyi cüdo yarışlarında rəqiblərinə qalib gələrək ölkəmizin üçrəngli bayrağını müxtəlif xarici ölkələrdə yüksəklərə qaldırmışdı. 21 illik qısa ömründə həmişə bayrağımızı ucalara daşımışdı.
Bu dəfə də belə oldu. Zaur üçrəngli bayrağımızı mənfur düşmənin neçə ildən bəri işğal altında saxladığı ərazilərdə səngərdən-səngərə, mövqedən-mövqeyə, yüksəklikdən-yüksəkliyə daşıdı. Oktyabrın 8-də isə Füzulinin Horadiz kəndindəki döyüş onun üçün axırıncı oldu...
Hamı onun yolunu gözləyirdi: qardaşı Taleh, nənəsi Səbirə, əmisi Camal, dayısı Lütfiyar, xalaları Dəstəgül, Hicran, Gültəkin, dostları Ceyhun, Əvəz...
Bibisi, xalası, dayısı uşaqları, hamı, hamı...
Bu dəfə də Zaur qalib kimi qayıtdı, özü də çox sevdiyi Azərbaycan bayrağı ilə. Amma bu dəfə bayrağa bükülü qayıtdı. Son döyüşdə o, öz canını çox sevdiyi Vətən torpağına qurban verdi...
Ölümündən sonra Zaur Mədətov “Vətən uğrunda” və “Cəbrayılın azad olunması uğrunda” medallarına layiq görülüb.
Hər turnirdə, hər yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa can atan Zaur yenə ucalardadır. İndi o, heç də hər kəsə qismət olmayan şəhidlik zirvəsinə ucalıb. Bu, zirvələrin, yüksəkliklərin ən ucasıdır. Həm də əbədi ucalıqdır!