HƏMYERLİMİZİN YENİ UĞURU
Almaniyadan gəlmiş tanınmış dirijor Pyer Dominik Panelli Ə.Nəvai adına Özbəkistan Akademik Böyük Teatrında C.Verdinin “Aida” və P.Çaykovskinin “Yevgeni Onegin” operalarına dirijorluq etmişdir. “Aida” operasının quruluşçu rejissoru Azərbaycanın və Özbəkistanın xalq artisti, Dövlət mükafatı laureatı Firudin Səfərovdur.
“Aida” operasında Rodemesin partiyasını teatrın aparıcı solistlərindən biri, həmyerlimiz Nemət Sinhəbibi ifa etmişdir. Neməti Bakıda, incəsənət dairələrində yaxşı tanıyırlar. O, Azərbaycan opera və balet teatrında Koroğlu obrazını yaratmış, böyük türk bəstəkarı Nevit Kodallının “Van Qoq” əsərində baş rolu oynamışdır. Bu əsərin də quruluşçu rejissoru Firudin Səfərovdur.
Teatrın direktoru, SSRİ xalq artisti Bernara Kariyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində dedi:
-F.Səfərovun tanınmış dirijor P.Panelli ilə əməkdaşlığı öz bəhrəsini verir. Onların hazırladıqları bütün tamaşalar anşlaqla keçir. Bundan əvvəlki qastrollarında Panelli F.Səfərovun “Bal-maskarad”, “Trubadur” və “Otello” operalarına dirijorluq etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd