Hesablama Palatası Dünya Bankının missiyası çərçivəsində keçirilmiş onlayn görüşdə iştirak edib
Bakı, 3 noyabr, AZƏRTAC
Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov və Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin sektor müdiri Fərqanə Əliyeva ölkədə Orta Müddətli Xərclər Çərçivəsinin Potensialının Gücləndirilməsi (OMXÇ PG) Proqramının həyata keçirilməsi məqsədilə Dünya Bankı tərəfindən təşkil edilmiş onlayn toplantıda iştirak edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, toplantıya Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə yanaşı, İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən digər əlaqəli qurumların nümayəndələri qatılıb. Azərbaycanda Orta Müddətli Büdcə Planlaşdırılmasının Gücləndirilməsi məsələsinin müzakirəsi ilə əlaqədar keçirilmiş toplantı Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklın açılış nitqi ilə başlayıb. O, Orta Müddətli Xərclər Çərçivəsinin tətbiqinin əhəmiyyəti və yaxın gələcəkdə həyata keçiriləcək fəaliyyətlərdən bəhs edib. Daha sonra iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov çıxış edərək, OMXÇ üzrə müvafiq fikirlərini bölüşüblər. Görüşün davamında dövlət idarəçiliyi üzrə baş mütəxəssis və tapşırıq qrupu rəhbəri İan Haukesvors proqramın xüsusiyyətləri barədə məlumat verərək, OMXÇ PG Proqramının 4 istiqaməti üzrə məsul olan xarici ekspertləri təqdim edib, missiya gündəliyi və işin təşkili barədə məlumat verib. Onlayn toplantının sonunda proqramın başlanğıc mərhələsi - ilkin qiymətləndirmə metodologiyası, məlumatların toplanması və sair məsələlər üzrə müzakirələr aparılıb.