“Həssas qruplar üçün hüquqi yardımın əlçatanlığı ilə bağlı hesabat”ın təqdimatı keçirilib
Bakı, 2 noyabr, AZƏRTAC
Hüquq və İnsan Haqları İnstitutunda BMT-nin İnkişaf Proqramının (BMT İP) “Həssas qruplar üçün hüquqi yardımın əlçatanlığı ilə bağlı hesabat”ının təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun İdarə Heyəti sədrinin müavini Üzeyir Məmmədov hesabatın cəmiyyətin həssas qrupları üçün vacibliyini vurğulayıb.
BMT-nin İnkişaf Proqramının qanunun aliliyi və insan hüquqları layihəsi üzrə müşaviri Tural Əhməd öz növbəsində qeyd edib ki, inklüzivlik və “heç kəs kənarda qalmasın” prinsiplərini əldə rəhbər tutan BMT İP müvafiq milli tərəfdaşlar üçün mülki hüquq və inzibati hüquq sahələrində hüquqi yardımın göstərilməsi və hüquqi yardıma dair yeni təlimatların hazırlanması üzrə potensialın gücləndirilməsinə yönəlmiş təlimlər təşkil edir. Məqsəd Azərbaycanın həssas qrupları üçün hüquqi yardım sisteminin effektivliyini və səmərəliliyini BMT-nin və Avropa Şurasının standartları fonunda nəzərdən keçirməkdir.
Xarici ekspert Stefanie Lemke tərəfindən hazırlanan hesabatın təqdimatı zamanı hüquqi yardıma dair qabaqcıl təcrübələrin nümunələri təqdim olunub, habelə rəqəmsallaşmaya daha açıq olmağa və bütün əhalinin ehtiyaclarına cavab verən hüquqi yardım sisteminin qurulması istiqamətində daha çox investisiya edilməsi tövsiyə olunub.
Daha sonra hesabat müzakirə üçün iştirakçıların ixtiyarına verilib.