HEYDƏR ƏLİYEV ADINA ŞƏHƏR PARKI İSMAYILLININ YENİ İSTİRAHƏT GUŞƏSİ OLACAQDIR
Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun mərkəzində salınan və ümummilli lider Heydər Əliyevin adını daşıyacaq parkda görülən işlərlə də tanış olmuşdur.
Parkın qarşısına toplaşanlar dövlətimizin başçısını və onun xanımını böyük sevinclə qarşıladılar.
Prezidentə məlumat verildi ki, parkda iri və xırda attraksionlar quraşdırılacaq, idman meydançaları, ana və uşaq kafesi, karusellər, üzgüçülük hovuzu, futbol meydançası, fəvvarələr kompleksi, su kanalları, digər istirahət meydançaları, kinoteatr tikilir. Parkın 4 min kvadratmetr gəzinti yerləri və bir o qədər asfalt örtüklü yolları, 7 hektara yaxın yaşıllıq və güllük sahəsi olacaqdır.
Parkın nəzdində Uşaq gənclər yaradıcılıq-sağlamlıq mərkəzi də fəaliyyət göstərəcəkdir. Əhalinin, əmək kollektivlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, parka ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir. Birinci mərhələdə 700 milyon manatlıq iş görüləcəkdir. İnşaat işlərinin birinci mərhələsi bu ilin sentyabr ayında başa çatacaq, ikinci mərhələsi isə 2008-ci ilin sentyabrında tamamlanacaqdır.
Prezident İlham Əliyev parkın layihəsi ilə tanış oldu, burada görülən işləri yüksək qiymətləndirdi, müasir standartlara uyğun istirahət guşəsinin gözəl bir məkana çevriləcəyini və sakinlərə xidmət göstərəcəyini vurğuladı.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 19-da İsmayıllı rayonunun İvanovka kəndinin sakinləri ilə görüşdü. Görüşdə Nikitin adına kolxozun sədri Aleksey Kozlovtsev, təqaüdçü Mariya Orlova, kənd xəstəxanasının cərrahı Məhəmməd Əsgərov çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.
(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).