HEYDƏR ƏLİYEV ELMİ ARAŞDIRMALAR MƏRKƏZİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev daha sonra Dövlət Sərhəd Xidmətində yeni yaradılmış Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi ilə tanış oldu.
Ali baş komandana məlumat verildi ki, həmişə və hər yerdə adı və xidmətləri böyük hörmət və ehtiramla yad edilən ulu öndərimizin həyatının bəlkə də ən çətin anları, illəri bu binada keçmişdir. Bu bina Heydər Əliyev mətinliyinin və mübarizliyinin, Heydər Əliyev millətsevərliyinin və uzaqgörənliyinin şahidi olmuşdur. Burada hərəsi bir tarix, bir xatirə olan şəkillər vardır.
Guşələrdə dahi öndərimizin Cəmşid Naxçıvanski adına hərbi məktəbdə çəkdirdiyi şəkillər diqqəti cəlb edir. Məktəb 1971-ci ildə yaradılmışdır və 1973-cü ildə isə buna ümumrespublika statuslu hərbi məktəbi adı verilmişdir. Həmin vaxt məktəbin maddi-texniki bazası möhkəmlənməyə və genişlənməyə başlamışdır. Ulu öndərin ali məktəbə qəbul zamanı yazdığı ərizə, qiymət kitabçası, imtahan vərəqəsi, ümummilli liderimizin sərhədçilərlə görüşlərini xatırladan, həyatının Naxçıvan, Moskva dövrlərini, ölkəmizdə yenidən hakimiyyətə qayıdışını, onun yeni neft strategiyasının həyata keçirilməsini, ailə həyatını və s. əks etdirən fotoşəkillər, dahi şəxsiyyət haqqında yazılmış kitablar, disklər və videolentlər saxlanılır.
Mərkəzin nəzdindəki Heydər Əliyev muzeyində müxtəlif sənədlər və materiallar toplanmışdır. Kompüterləşdirilmiş tədris mərkəzində ulu öndərin həyatı haqqında, onun siyasi fəaliyyətinin bütün dövrlərini əhatə edən istənilən material kompüterlərin yaddaşına salınmışdır.
Dövlətimizin başçısı İlham Əliyev burada Heydər Əliyevin xalq rəssamı, akademik Ömər Eldarov tərəfindən yaradılmış büstünə baxdı, eləcə də Heydər Əliyev muzeyində, araşdırmalar mərkəzində toplanmış sənədlərin, materialların, fotoşəkillərin çox dəyərli olduğunu vurğuladı.