Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı layihə regionlarda uğurla icra olunur
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevlə bağlı həyata keçirilən layihə çərçivəsində Cəlilabadda növbəti tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Cəlilabad rayonu 9 saylı tam orta məktəbdə keçirilən tədbirdə layihə rəhbəri Ülvi Həzizadə Gənclər Fondunun və təşkilatın göstərdiyi fəaliyyət, həmçinin layihənin əhəmiyyəti barədə geniş məlumat verib. Layihə rəhbəri Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri barədə danışıb. Bildirib ki, bu gün ölkəmizin inkişaf edib dünyada söz sahibinə çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin balanslaşdırılmış xarici və daxili siyasətinin nəticəsidir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Varid Əsgərov bildirib ki, dövlət idarəçiliyi sahəsində fenomen şəxsiyyət olan Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atıb. Məhz onun uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyində ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün zəmin yaradıb.
Lənkəran-Astara Regional Gənclər İdman İdarəsinin Cəlilabad rayon sektorunun baş məsləhətçisi Xalid Hüseynov qeyd edib ki, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Layihənin eksperti Elçin Həsənli icra olunan layihəyə müsbət rəy bildirərək deyib: “İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir”.
Yekunda layihənin fəal iştirakçıları sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, layihə növbəti günlərdə Masallı və Lənkəranda icra olunacaq.