“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib
Bakı, 3 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, dərslərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verməkdir.
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının lektoriya zalında və Binəqədi rayonu üzrə digər mərkəzlərdə təşkil olunan ilk dərslərdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Kəmaləddin Qafarov, Əvəz Ələkbərli, Əliabbas Salahzadə, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, idarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Heydər Əliyev irsinin öyrənilməsi” dərslərinin mahiyyəti və məqsədi barədə danışıb, dahi liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında baş verən köklü dəyişiklikləri nəzərə çatdırıb. Həmçinin ulu öndər Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində böyük nailiyyətlərin əldə olunduğu haqqında fikirlərini bildirib.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət etdiyini qeyd edib.
Milli Məclisin deputatları Sadiq Qurbanov və Kəmaləddin Qafarov Heydər Əliyevin siyasəti sayəsində müasir dövrdə Azərbaycanın milli dövlətçiliyinin real məzmun və məna kəsb etdiyini, dövlət suverenliyimiz sarsılmaz və dönməz gerçəkliyə çevrildiyini bildiriblər. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışını Azərbaycanın xilasının və tərəqqisinin əsası olduğunu vurğulayıblar. Çıxış edənlər Azərbaycanın sosial-iqtisadi qüdrətə malik güclü dövlət olmasını təmin edən Ümummilli Liderin sosial-iqtisadi və milli inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Dərslər 2021-2022-ci tədris ilinin sonuna kimi davam edəcək.