“HEYDƏR ƏLİYEV. MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” ÇOXCİLDLİYİNİN ON İKİNCİ KİTABI ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC-ın materialları əsasında hazırlanmış və xalq artisti Müslüm Maqomayevə və xalq şairi Mirvarid Dilbaziyə ünvanlanmış təbriklərlə açılan bu cild 1997-ci il avqustun 17-dən oktyabrın 29-dək olan dövrü əhatə edir.
Cilddə xalqımızın ümummilli liderinin Polşaya, İtaliyaya, Vatikana rəsmi səfərləri zamanı keçirdiyi görüşlər, apardığı danışıqlar barədə materiallar, müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilmiş zirvə görüşündə Prezident Heydər Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin fəal iştirakından, oradakı çoxsaylı görüşlərdən, GUAM-ın yaradılması prosesindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətlə, beynəlxalq hüquq normalarına əməl olunmaqla aradan qaldırılması yolunda atılan addımlardan bəhs edən materiallar toplanmışdır.
Xalqımızın dahi oğlu Azərbaycanda elm, ədəbiyyat, mədəniyyət və incəsənətin inkişafına, bu sahələrdə çalışan yaradıcı insanlara daim böyük qayğı göstərmişdir. Oxucular bu cilddə Prezident Heydər Əliyevin xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşasına, dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının yeni quruluşda tamaşasına baxışdan sonra teatrların yaradıcı kollektivləri ilə görüşlərdə çıxışları, müğənni və bəstəkar Müslüm Maqomayevin yubiley gecəsindəki, ali məktəblərə qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşdəki, ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə paytaxtın 18 nömrəli məktəbində mitinqdəki nitqləri, habelə ölkəmizin hərbi təyyarəçilər məktəbinin ilk buraxılışındakı çıxışı, Bakı elektrik maşınqayırma zavodunun 50 illiyinə həsr edilmiş mərasimdəki nitqi və ulu öndərimizin çoxşaxəli, yorulmaz fəaliyyətini əkş etdirən digər materiallarla da tanış ola biləcəklər.
Cildin sonunda qeydlər, şəxsi və coğrafi adlar göstəriciləri də verilmişdir.