HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI
Xəbər verdiyimiz kimi, sentyabrın 9-da Yardımlı rayonunun mərkəzində Heydər Əliyev muzeyinin təntənəli açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı muzeyin açılışını bildirən qırmızı lenti kəsdi.
Ulu öndərin xatirəsinə yaradılmış muzey qəsəbənin mərkəzi küçəsində ikimərtəbəli binada yerləşir. Binanın birinci mərtəbəsində, Heydər Əliyevin tuncdan büstü qoyulmuşdur. İkinci mərtəbədə ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən geniş materiallar toplanmışdır.
Prezident İlham Əliyev xalqımızın ümummilli liderinin uşaqlıq, gənclik illərinə, Dövlət Təhlükəsizlik Komitəsinə, 1970-ci illərdə və müstəqillik illərində respublikaya rəhbərlik etdiyi dövrlərə aid, habelə ailəvi fotoşəkillərə, ulu öndərə həsr olunmuş kitablara, Heydər Əliyevin yeni obyektlərin açılışlarındakı iştirakını, xarici ölkələrə və respublikamızın regionlarına səfərlərini, zəhmətkeşlərlə keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə baxdı.
Muzeylə tanışlıqdan sonra Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:
“Bu gün çox əlamətdar bir gündür. Yardımlıda ulu öndər Heydər Əliyevin büstü və muzeyi açıldı. Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən ibarət idi. Ölkəmizin müstəqilliyinin möhkəmlənməsində Heydər Əliyevin müstəsna rolu olmuşdur. Ölkədə gedən islahatlar Heydər Əliyevin siyasi kursunun davamıdır. Yardımlıda regionların inkişafı proqramı uğurla icra olunur. Ümid edirəm ki, yaxın zamanlarda Yardımlı Azərbaycanın qabaqcıl rayonlarından birinə çevriləcəkdir. Yardımlılılara cansağlığı və xoşbəxtlik arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Yardımlı, 9 sentyabr 2005-ci il”.