“HEYDƏR ƏLİYEV VƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası sədrinin müavini və icraçı katibi Əli Əhmədov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, parlamentin deputatları Yaqub Mahmudov, Nizami Cəfərov, Fəttah Heydərov, Mübariz Qurbanlı və başqa tanınmış ziyalılar Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün tarixindən bəhs etdilər. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının əhəmiyyətindən danışan natiqlər əminliklə dedilər ki, xalqımız hər il dekabrın 31-ni ən əziz bayram kimi qeyd edir. Çünki özündə bir çox dəyərləri yaşadan bu gün xalqımızın xilaskar oğlu Heydər Əliyevin adı ilə bağlıdır.
Bütün dövrlərdə fəaliyyəti ilə Vətənə sevgi, xalqa məhəbbət nümunəsi göstərən Heydər Əliyev azərbaycançılıq ideyasının ən kamil daşıyıcısı olmuşdur. Azərbaycanın dünəni, bu günü və gələcəyi ulu öndərimizin fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Ümummilli liderimiz əməli işi ilə Azərbaycan xalqının həmrəyliyinə nail olmaqla dövlətimizi təlatümlərdən xilas etmiş, müstəqilliyimizi dönməz etmiş və dünya azərbaycanlılarını vahid ideya – azərbaycançılıq, dövlətçilik prinsipləri ətrafında birləşdirməyin nəzəriyyəsini yaratmış, bu işdə gələcək nəsillərə real yol göstərmişdir. Bu ideya hər bir vicdanlı azərbaycanlının fəaliyyət amalına çevrilmişdir.
Natiqlər demişlər ki, ulu öndərimiz hələ Azərbaycan sovetlər birliyinin tərkibində olarkən dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün bir-birindən dəyərli işlər görmüş, xalqımızın milli mənəvi dəyərlərinin qorunmasına xüsusi diqqət göstərmiş, bütün fəaliyyətini respublikamızın işıqlı sabahına, xalqımızın rifahına yönəltmişdir.
Dahi şəxsiyyətin zəngin dövlətçilik və siyasi fəaliyyətindən söhbət açan natiqlər, Heydər Əliyevlə bağlı unudulmaz xatirələrini danışmışlar. Qeyd olunmuşdur ki, ulu öndərimiz fəaliyyətinin bütün mərhələlərində, eləcə də tanınmış siyasətçilərlə görüşlərində, mötəbər mərasimlərdəki çıxışlarında Azərbaycanı və xalqımızı təbliğ etmiş, bu işdə böyük bir irs yaratmışdır.
Xarici ölkələrdə yaşayan soydaşlarımızın həmrəyliyinin daha da gücləndirilməsinin vacibliyini vurğulayan natiqlər demişlər ki, təqdirəlayiq haldır ki, ulu öndər Heydər Əliyev bu işin möhkəm təməlini qoymuşdur. Bütün imkanlardan istifadə edərək dünya azərbaycanlılarının daha möhkəm birliyinə nail olmalıyıq.