Hikmət Əlizadə: Qanunsuz ov edənlər ətrafındakı insanların qınaq obyektinə çevrilməlidirlər
Bakı, 18 aprel, AZƏRTAC
Şahdağ Milli Parkının əməkdaşları tərəfindən milli parkın Oğuz bölməsinin ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.
Araşdırma zamanı ov edənlərin Oğuz rayon sakinləri Dilqəm Səfərov, Novruz Vəliyev və Bəbirxan Şahmuradov olduğu müəyyən edilib. Onlardan ov tüfəngi və ovlanmış Dağıstan turu götürülüb.
Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar ümumilikdə 3 min manat məbləğində cərimə olunub.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə məlumat verib. O, baş verən qanunsuz ov hadisəsinə sərt reaksiya bildirib: “Dünyanın bir çox ölkəsində sayı azalmaqda olan Dağıstan turu yalnız Cənubi Qafqazda və Qafqazın bir neçə dağlıq ərazisində qalıb. Bu növün ən çox sayı isə Azərbaycandadır. Bunun da səbəbi dövlətin apardığı mühafizə tədbirlərinin nəticəsidir. Lakin Dağıstan turunun qadağan olunan vaxtda kortəbii şəkildə ovlanması sayının azalmasına və gələcəkdə kökünün kəsilməsinə səbəb ola bilər. Nazirlik olaraq bu faktı qeyri-insani hərəkət kimi qiymətləndiririk. Yəqin ki, hansısa bir məbləğdə cərimə etməklə iş bitməyəcək, tərəfimizdən bütün qanuni və inzibati tədbirləri tətbiq edəcəyik. İstəyirik ki, heyvanların balalama dövründə onlara güllə atanlar çox ciddi şəkildə cəzalandırılsınlar. Bütün addımlar atılacaq ki, brakonyerlər barəsində cinayət işi qaldırılsın. Ən əsası da odur ki, balalama vaxtında məsum heyvana güllə atdığına görə cəmiyyət, ətrafındakı insanlar belələrini qınaq hədəfinə çevirsinlər. Bu da digərlərinə bu yoldan çəkinmək üçün örnək olsun.
Ova hələ iki aydan sonra icazə veriləcək. Çünki hazırda heyvanların balalama dövrüdür”.
H.Əlizadə onu da qeyd edib ki, qanunsuz ov edən şəxslər, eyni zamanda, koronavirusla bağlı tətbiq edilən karantin rejiminin qaydalarını da pozublar: “Karantin rejiminin qaydalarını pozduqları üçün həmin şəxslərin cərimələnməsi üçün polis orqanlarına müraciət edəcəyik. Eyni zamanda, həmin brakonyerlərin qeydiyyatını da aparacağıq ki, gələcəkdə qanunsuz ov faktı baş verdikdə biz ilk növbədə onları yoxlayaq”.