HONDA AVTOMOBİL MƏRKƏZİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 4-də “Yeni Motor” Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən Bakı- Sumqayıt yolunun 6-cı kilometrliyində inşa edilmiş
Honda Avtomobil Mərkəzinin açılış mərasimi keçirilmişdir.
“Yeni Motor” MMC-nin direktoru Elçin Əsədov bildirmişdir ki, rəhbərlik etdiyi qurum “Honda Motor Co” LTD şirkətinin Azərbaycandakı yeganə və rəsmi nümayəndəsidir. Bir il ərzində tikilmiş bu mərkəzin ərazisi 900 min kvadratmetrdir. Burada avtomobil satışı, texniki xidmət və ehtiyat hissələri anbarı fəaliyyət göstərəcəkdir. Mərkəzdə çalışan peşəkar satış menecerləri “Honda Motor Co” LTD şirkətinin yeni avtomobil modellərini müştərilərə təqdim edəcəkdir. Mərkəzdə eyni vaxtda 30 avtomabilə texniki xidmət göstəriləcəkdir. E.Əsədov vurğulamışdır ki, avtomobilini buraya təmirə gətirmiş hər kəs aparılan təmir işlərini monitor vasitəsilə izləyə biləcəkdir.
Avtomobilləri nağd, köçürmə və sərfəli kredit şərtləri ilə əldə etmək mümkün olacaqdır.
Məlumat verilmişdir ki, belə mərkəzlərdən biri cari ilin sonuna qədər Gəncədə, 2009-cu ildə isə Quba və Lənkəranda istifadəyə veriləcəkdir.
Tədbirdə çıxış edən “Honda Motor Co” LTD şirkətinin yaxın Şərq və Afrika ölkələri üzrə satış meneceri Nabuxiko Kavamoto Honda Avtomobil Mərkəzinin açılışını yüksək dəyərləndirdi və təmsil etdiyi şirkətin uzun illər ərzində avtomobil alıcıları tərəfindən qazandığı nüfuzunu gördükləri işin keyfiyyəti ilə əlaqələndirdi. 2007-ci ildə şirkətin 20 milyon müştəri cəlb etdiyini bildirən natiq bu rəqəmi bir qədər də artırmaq niyyətində olduqlarını vurğuladı.
######
