İQTİSADİYYAT
Hüquq-mühafizə bölmələri başçıları komitəsinin iclasi keçirilib


Bakı, 23 sentyabr, AZƏRTAC
Qırğızıstanın Çolpan-Ata şəhərində MDB üzv dövlətləri Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 23-cü iclası keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, iclasda DGK-nin əməliyyat-istintaq baş idarəsinin rəisi Orxan Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Nümayəndə heyəti əvvəl tədbirdə müzakirə olunacaq sənəd layihələrinin işlənib hazırlanması məqsədilə işçi qruplarının və ekspertlərin iştirakı ilə keçirilən iclasa qatılıb.
MDB üzv dövlətləri Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 23-cü iclasında tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə, beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən, dövriyyəsi qadağan edilmiş malların aşkar edilməsi istiqamətində fəaliyyət, MDB dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mövcud vəziyyət, işçi qruplarının fəaliyyətləri və iş planları müzakirə edilib. Həmçinin, iclasın gündəliyinə çıxarılmış 10 qərar layihəsi müzakirə edilərək imzalanıb.