Hüquqşünas: Müasir texnologiyaların məhkəmə ekspertizasına inteqrasiyası insan amilindən qaynaqlanan səhvləri azaldacaq
Bakı, 16 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin dekabrın 11-də imzaladığı Sərəncama əsasən təsdiqlənən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya”da bu sahədə görüləcək bir çox tədbirlər, o cümlədən məhkəmə ekspertizası fəaliyyəti sahəsində süni intellektin tətbiqi imkanlarının araşdırılması və nəticəsindən asılı olaraq addımların atılması, müasir texnologiyaların ekspertiza proseslərinə inteqrasiyası da nəzərdə tutulur.
Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Elvin Əliyev bununla bağlı AZƏRTAC-a açıqlamasında bildirib ki, bu tədbirlər məhkəmə ekspertizası sahəsində məlumatların sürətli işlənməsi, çoxsaylı nümunələrin, sənədlərin və dəlillərin qısa vaxtda aşkarlanmasına imkan yaradacaq: “Haqqında danışdığımız addımlar süni intellekt əsaslı analiz sistemləri, o cümlədən barmaq izi, videogörüntü, səs yazıları, biometrik məlumatların avtomatlaşdırılmış təhlilinə fokuslana bilər. Bu da xəta ehtimalının azaldılması, insan faktorundan qaynaqlanan səhvlərin minimal səviyyəyə endirilməsi, proqnozlaşdırma və ekspertiza dəstək sistemləri vasitəsilə ekspertin qərarvermə prosesinə yardım etməklə hüquqi, həm də texnoloji tədbirlərin görülməsini mümkün edəcək. Yəni qanunvericiliyə dəyişikliklər, yeni avadanlıqların alınması, mütəxəssislər üçün təlimlər təşkil edilə bilər”.
Vəkil konsepsiyada özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılması ilə bağlı müddəaya da toxunub: “Dövlətlə yanaşı özəl qurumların da ekspertiza fəaliyyəti həyata keçirməsini nəzərdə tutan bu təşəbbüs rəqabəti artıraraq xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Bu da ekspertiza proseslərinin daha çevik və operativ olmasına imkan verəcək. Məhkəmələr və istintaq orqanları üçün alternativ müstəqil ekspert rəyləri almaq imkanı yaradacaq. Dövlət yükünün bir qismini özəl sektora yönləndirilərək sistemin ümumi səmərəliliyini artıracaq. Bu institutun tətbiqi üçün normativ baza, lisenziyalaşdırma mexanizmi, sertifikasiya qaydaları və fəaliyyətə nəzarət sistemi də yaradılmalıdır”.
E.Əliyev bildirib ki, Məhkəmə Ekspertizası Mərkəzinin yeni inzibati binasının inşası və laboratoriyalarının müasir tələblərə uyğun komplektləşdirilməsi ilə bağlı tədbirlər ekspertiza sahəsində infrastrukturun yenilənməsini və maddi-texniki bazanın gücləndirilməsini hədəfləyir “Müasir standartlara cavab verən laboratoriyalar qurulacaq (kriminalistika, kimya, biologiya, daktiloskopiya, ballistika və s.). Yeni bina həm təhlükəsizlik, həm də texniki imkanlar baxımından yüksək tələblərə uyğun olacaq. Avropa və beynəlxalq ekspertiza standartlarına uyğun şərait yaradılacaq. Bu isə ekspertlər üçün daha yaxşı iş mühiti, avadanlıqların yüksək dəqiqliyi və təcrübə imkanları təmin edir. Bu tədbirlər bütövlükdə Azərbaycanda məhkəmə ekspertizası sisteminin elmi əsaslarının möhkəmləndirilməsinə, müasir texnologiyalara inteqrasiyasına, rəqabət mühitinin yaranmasına, infrastruktur və keyfiyyət standartlarının yüksəlməsinə xidmət edir. Nəticədə həm ekspertiza xidmətləri, həm istintaq və məhkəmə proseslərinin effektivliyi əhəmiyyətli dərəcədə artacaq”,-deyə o vurğulayıb.