HÜSEYN CAVİDİN 125 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2007-ci ilin oktyabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 125 illiyi tamam olur.
Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkarlardandır. Öz qaynağını milli mədəniyyətin ən dərin qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur.
Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Cavid ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni bir mərhələ açmışdır. Milli bədii düşüncə tarixini mövzu baxımından və bir-birindən parlaq xarakterlərlə zənginləşdirən Hüseyn Cavid sənətkar şəxsiyyətinin bütövlüyünü nümayiş etdirən ibrətamiz həyat yolu keçmişdir. Şairin cənazəsinin uzaq Sibirdən vətəninə gətirilməsi, məzarı üzərində məqbərənin ucaldılması adı totalitarizmin günahsız qurbanlarının rəmzinə çevrilmiş Cavidə və 1930-cu illərin repressiyalarına məruz qalmış minlərlə Azərbaycan ziyalısının xatirəsinə xalq ehtiramının təcəssümüdür.
Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavidin 125 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Hüseyn Cavidin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,17 aprel 2007-ci il.