ICESCO “Bilik gələcəkdir” adlı forum keçirəcək

Bakı, 17 fevral, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Məhəmməd bin Rəşid Əl Maktum Bilik Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlıq çərçivəsində gənclərin səlahiyyətlərinin artırılmasına dair öhdəliyinin bir hissəsi olaraq fevralın 20-dən 21-dək “Bilik gələcəkdir” adlı 3-cü Gənclərin Bilik Forumuna ev sahibliyi edəcək.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, forumun məqsədi gəncləri dəstəkləmək, habelə bütün dünyada biliklərin ötürülməsi, yayılması və lokallaşdırılmasında yaradıcılıq və innovasiyaları təşviq etməkdir. Tədbir zamanı gənclərin ekspertlərlə əlaqə saxlaması, biliklərini genişləndirməsi və dünyanın hər yerindən həmyaşıdları ilə əməkdaşlıq etməsi üçün interaktiv məkan təmin ediləcək.
Tədbirdə bilik və bacarıqlar vasitəsilə iqtisadiyyatın bərpasının təşviqi, şəbəkələrin və tərəfdaşlıqların qurulmasının vacibliyi, hərtərəfli bilik ekosisteminin inkişafı kimi əsas məsələlər müzakirə olunacaq. Mütəxəssislər süni intellekt və rəqəmsal transformasiyanın təhsil, əmək və innovasiya sistemlərini necə yenidən formalaşdırdığını, eləcə də bu dəyişikliklərin yaratdığı çətinlikləri və imkanları araşdıracaqlar. Müzakirələrdə əsas diqqət təhsildə boşluqların aradan qaldırılması, gənclərə gələcəyə yönəlmiş bacarıqlar aşılanması, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi və gənc liderlərin biliklərdən innovativ üsullarla istifadəsinə şərait yaradılmasına yönəldiləcək. Məqsəd sosial birliyi gücləndirmək, sahibkarlığı dəstəkləmək və davamlı inkişafa təkan verməkdir.
ICESCO-nun Baş direktoru Salim Əl Malik bildirib ki, bu beynəlxalq forumun keçirilməsi təşəbbüsü İslam dünyasındakı gənclərə texnologiya, yaradıcılıq və innovasiya sahələrində fayda verilməsi, eyni zamanda, sülh, birgəyaşayış və sivilizasiyalararası dialoq dəyərlərini təbliği məsələləri ilə bağlıdır. O vurğulayıb ki, təşkilat firavan gələcəyin formalaşdırılmasında və davamlı inkişafın təmin edilməsində gənclərin roluna üstünlük verir. Baş direktor, həmçinin ICESCO-nun müxtəlif təşəbbüs və proqramlarının gənclərin bilik və texnologiya sahəsində bacarıqlarını inkişaf etdirmək, onları gələcək peşələr üçün lazımi bacarıqlarla təchiz etmək və sürətli qlobal inkişafla ayaqlaşmağa imkan yaratmaq məqsədi daşıdığını qeyd edib.