İCTİMAİ DİNLƏMƏLƏRƏ DAİR YEKUN İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Bakıda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqinə həsr olunmuş yekun iclası keçirilmişdir.
Ombudsman Elmira Süleymanova ölkəmizdəki inkişaf, həyata keçirilən islahatlar barədə məlumat vermişdir. O, MFP-nin təsdiqindən ötən müddətdə görülən işlərdən, sənədin tətbiqi ilə bağlı keçirilən ictimai dinləmələrdən, seçki qanunvericiliyində olan dəyişikliklərdən danışmışdır. Qeyd edilmişdir ki, ölkəmizin bütün bölgələrini əhatə edən ictimai dinləmələr 54 rayonda keçirilmişdir. Tədbirlərdə müzakirə olunan məsələ ilə bağlı problemlər diqqətə çatdırılmış, müvafiq təkliflər verilmişdir.
İclasda MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrası ilə bağlı məlumat verilmişdir.
Tədbirdə Bakı şəhərinin rayonlarının, Sumqayıt və Abşeronun icra hakimiyyətləri və bələdiyyələrin, məhkəmə, daxili işlər şöbələri və prokurorluğun, dairə seçki komissiyalarının və digər qurumların nümayəndələri iştirak etmişlər.