İctimai iaşə obyektlərində yay mövsümündə qida təhlükəsizliyi necə təmin olunur?
Bakı, 20 avqust, AZƏRTAC
Yay mövsümündə havanın temperaturunun yüksəlməsi qida məhsullarında mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Bu isə qida zəhərlənmələri riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə restoranlar, kafelər, yeməkxanalar, şadlıq evləri və digər ictimai iaşə obyektlərində qida təhlükəsizliyi qaydalarına ciddi riayət olunması həm istehlakçıların sağlamlığının qorunması, həm də təhlükəsiz qida təminatının əsas şərtidir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yay aylarında ictimai iaşə obyektlərində ilk növbədə temperatur rejiminə xüsusi diqqət yetirilməlidir: “Soyuq saxlanılmalı olan məhsullar soyuducularda +2°C-dən +6°C-yə qədər temperaturda, dondurulmuş məhsullar isə -18°C-də saxlanılmaldır. Hazır yeməklər uzun müddət otaq temperaturunda saxlanılmamalı, isti şəkildə təqdim edilən qidalar isə 65°C-dən yuxarı temperaturda realizə edilməlidir. Məhsulların qəbulundan başlayaraq son istehlakçıya təqdim olunana qədər "soyuq zəncir"in qorunması vacibdir. Temperatur rejiminin pozulması məhsulların təhlükəsizliyini təhlükə altına qoyur və zərərli bakteriyaların inkişafına səbəb ola bilər. Çarpaz çirklənmənin qarşısının alınması da mühüm tələblərdəndir. Çiy ət, toyuq, balıq və digər xammallar hazır qidalardan ayrı saxlanılmalı, onların emalı üçün fərqli kəsim lövhələri, bıçaqlar və digər avadanlıqlardan istifadə edilməlidir. Hazır məhsulların çiy məhsullarla təması yolverilməzdir”.
Qeyd olunub ki, qida ilə təmasda olan bütün səthlər, avadanlıqlar və inventarlar mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir. Təmizlik və dezinfeksiya proqramları əvvəlcədən hazırlanmalı, icrası sənədləşdirilməli və mütəmadi nəzarətdə saxlanmalıdır: “İşçilər təmiz xüsusi geyimdən istifadə etməli, əllərini mütəmadi olaraq yumalı, sanitariya-gigiyena qaydalarına ciddi əməl etməlidirlər. Yoluxucu xəstəlik əlamətləri müşahidə olunan şəxslərin qida ilə təmasda işləməsinə yol verilməməlidir. İctimai iaşə obyektlərində istifadə olunan su içməli su standartlarına uyğun olmalı, buz hazırlanarkən də yalnız təhlükəsiz sudan istifadə edilməlidir. Məhsulların etiketlənməsi və izlənilə bilməsi də xüsusi əhəmiyyət daşıyır. Hər bir məhsulun mənşəyi, istehsal və son istifadə tarixi məlum olmalı, qəbulu təsdiq edən sənədlər saxlanılmalıdır. Yararlılıq müddəti bitmiş məhsulların istifadəsinə və satışına qətiyyən icazə verilmir”.
Diqqətə çatdırılıb ki, qida tullantıları gündəlik olaraq uzaqlaşdırılmalı, qapalı konteynerlərdə toplanmalı və istehsal sahəsindən vaxtında çıxarılmalıdır: “Tullantıların düzgün idarə edilməməsi zərərvericilərin çoxalmasına və əlavə çirklənmə riskinə səbəb olur. Həşərat və gəmiricilərə qarşı profilaktik tədbirlər davamlı şəkildə həyata keçirilməli, obyektlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işləri planlı qaydada aparılmalıdır. Qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunması da tövsiyə edilir”.
Eyni zamanda, vurğulanıb ki, istehlakçılar da qida seçərkən diqqətli olmalıdırlar. “Qidaların saxlanma şəraitinə, müəssisədə təmizliyə, işçi heyətin gigiyenasına və məhsulların görünüşünə diqqət yetirmək vacibdir. Şübhə doğuran məhsulların istehlakından çəkinmək sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir”,- deyə məlumatda bildirilib.