İctimai səhiyyənin aktual problemləri müzakirə olunub
Bakı, 27 may, AZƏRTAC
Mayın 25-də və 26-da Azərbaycan Tibb Universitetinin (ATU) bir qrup əməkdaşı ilə türkiyəli mütəxəssislərin “İctimai səhiyyədə aktual problemlər” mövzusunda birgə vebinarı keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vebinarda çıxış edən ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev tədbirin təşkil edilməsində əsas məqsədin universitetin beynəlxalq miqyasda daha yaxından tanıdılması və əməkdaşların qabaqcıl dünya təcrübəsindən yetərincə faydalanmasına şərait yaratmaqdan ibarət olduğunu diqqətə çatdırıb.
ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin mübadilə proqramları üzrə koordinatoru, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistenti Aygün Babayevanın “Azərbaycan Tibb Universitetinin beynəlxalq əməkdaşlıq istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Çıxışında Tibb Universitetinin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən A.Babayeva qeyd edib ki, ATU dünyanın bir sıra qabaqcıl təhsil müəssisələri ilə geniş əməkdaşlıq münasibətləri qurub. Belə ki, universitet beynəlxalq əlaqələr çərçivəsində mövcud olan bir çox proqramlara qoşulub və həmin proqramlarda tamhüquqlu üzv kimi iştirak edərək uğurlu nəticələrə imza atıb.
İki gün davam edən vebinarda Türkiyənin Hitit Universitetinin dosenti Ali Unal “STRES tədqiqatları, ÜST-nin xroniki xəstəliklərin risk amillərinin müşahidəsinə mərhələli yanaşması”, Tarsus Universitetinin dosenti Şükrü Anıl Toyğar “Əhali qruplarının ictimai səhiyyə ehtiyacları, ailə, etnik qrupların və irqlərin sağlamlığı”, Ankara Universitetinin professoru Afsun Ezel Esatoğlu “Əhalinin sağlamlıq vəziyyəti və əhalinin sağlamlığının inteqral indikatorları”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin informasiyalaşdırılması mərkəzinin direktoru Cəbrayıl Əsədzadə “Səhiyyə sistemində elektron xidmətlər” mövzularında geniş məruzələr ediblər.
Vebinarda, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin mütəxəssisi Tural Qulu, UNEC Biznes Məktəbinin əməkdaşı Teymur Mirzəbəyli, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, ATU-nun uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva, ATU-nun Psixiatriya kafedrasının assistenti Gülay Məmmədzadə, ATU-nun Rezidentura və magistratura şöbəsinin müdir müavini Əfsanə Məmmədova gündəlikdəki mövzu ətrafında müxtəlif məruzələrlə çıxış ediblər.
Diskussiya formasında keçən vebinarın gedişində - fiziki aktivlik ictimai sağlamlığın aktual problemi kimi, uşaq sağlamlığı və sağlamlığın sosial və mədəni həyatda rolu, ortaq həyat tərzi, ictimai yaşam dövründə zərərli vərdişlərin ölüm sayında statistik göstəriciləri haqqında alimlərin araşdırmaları açıqlanıb. Çıxış edən natiqlər, eləcə də inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin maliyyələşməsi, universal tibbi təminat, səhiyyə islahatları, tibbi sığortanın tətbiq edilməsi və elektron səhiyyənin əhəmiyyətindən danışıblar. Vebinarda COVID-19 pandemiyasının dünyadakı son durumu və bu virusa qarşı aparılan işlərlə bağlı da məlumat verilib.
Tədbirdə, həmçinin magistratura təhsil pilləsində səhiyyə menecmenti ixtisasının aktuallığına dair müzakirələr və hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Daha sonra iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.
Vebinarın işini yekunlaşdıran professor Anar Ağayev iştirakçıların hər birinə təşəkkürünü bildirərək qeyd edib ki, keçirilən tədbir pandemiya dövründə ilk dəfə olaraq ictimai səhiyyə sahəsinə həsr olunan səmərəli bir vebinardır və belə tədbirlər davamlı olacaq.
Vebinarın sonunda tədbir iştirakçıları sertifikatlarla təltif olunublar.