İQTİSADİYYAT
İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə ilk inteqrasiya uğurla tamamlanıb YENİLƏNİB
Bakı, 12 iyun, AZƏRTAC
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə inteqrasiya olunmaqla elektron sənəd mübadiləsinə start verilib. Xidmət elektron sənəd dövriyyəsi sistemləri arasında təhlükəsiz mübadilənin həyata keçirilməsi üçün yeni inteqrasiya standartlarını (şərtlərini) hazırlayaraq təsdiq edib. Hazırda dövlət qurumları istifadələrində olan istənilən elektron sənəd dövriyyəsi sistemlərini təhlükəsizlik auditindən müsbət rəy almaqla, inteqrasiya standartına uyğun olaraq İdarələrarası Elektron Sənəd Dövriyyəsi sisteminə qoşmaq üçün Xidmətə müraciət ünvanlayaraq, qurumlararası kağızsız sənəd dövriyyəsində iştirak edə bilərlər.
AZƏRTAC xəbər verir ki, 147 dövlət qurumunun istifadəçisi olduğu İdarələrarası Elektron Sənəd Dövriyyəsi sisteminə istifadəçilər mühafizə edilən rabitə kanalları ilə qoşulmaqla, icazəsiz daxilolmalardan və təhrifetmələrdən qorunurlar.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin brifinqində bildirilib ki, İdarələrarası Elektron Sənəd Dövriyyəsi sisteminə ilk olaraq 24 dövlət qurumunun istifadəçisi olduğu Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sistemi inteqrasiya edilib. Bununla da 14 min istifadəçisi olan 24 dövlət qurumunun daxili sənəd dövriyyəsi sistemindən 147 dövlət qurumu ilə birbaşa təhlükəsiz kanallarla elektron sənəd mübadiləsinə imkan yaradılmış olub.
Hazırda digər dövlət qurumlarının daxili sənəd dövriyyəsi sistemlərinin İdarələrarası Elektron Sənəd Dövriyyəsi sisteminə inteqrasiyası mərhələli şəkildə etibarlı kanallarla təmin ediləcək. Cari ilin sonuna kimi daxili sənəd dövriyyəsi sistemləri hazır olan digər dövlət qurumlarının da İdarələrarası Elektron Sənəd Dövriyyəsi sisteminə inteqrasiyası planlaşdırılır.