“İdeya var!” gənclərin üçüncü ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin onlayn seçim mərhələsi keçirilir
Bakı, 3 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyi tərəfindən aprelin 1-dən iyunun 1-dək “İdeya var!” gənclərin üçüncü ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin onlayn seçim mərhələsi keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialın nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir.
Müsabiqədə 14-29 yaşlı vətəndaşlar fərdi və ya müəllif qrupu kimi iştirak edə bilərlər. Müsabiqə “Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri”, “Sosial sahə və təhsil” olmaqla dörd nominasiya üzrə aparılır.
Müsabiqədə iştirak edəcək gənclər öz layihələrini [email protected] e-mailinə göndərə bilərlər. Əlavə məlumat üçün (051) 811-80-47 telefon nömrəsi ilə əlaqə saxlamaq lazımdır.
Qeyd edək ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.10.1-ci (Gənclərin intellektual inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi) bəndinin icrasını təmin etmək məqsədilə keçirilir.