İƏT Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü münasibətilə elektron platforma hazırlayıb
Qahirə, 10 fevral, AZƏRTAC
BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə hər il fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü kimi qeyd olunur. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu münasibətlə elektron platforma hazırlayıb.
AZƏRTAC xəbər verir ki, İƏT-in Baş Katibliyi 2018-ci ildə Uqaduqu şəhərində keçirilmiş və İslam dünyasında qadınların sosial-iqtisadi, elm və texnologiya sahələrində rolunun artırılmasına həsr edilmiş konfransın qərarlarına uyğun olaraq bu əlamətdar günü geniş şəkildə qeyd etdiyini açıqlayıb. Bu münasibətlə fevralın 11-dən etibarən iki həftə müddətinə təşkilatın saytında, habelə sosial şəbəkələrdə elektron platforma yerləşdiriləcək. Platformada İƏT-ə üzv ölkələrdə elm və texnologiyanın inkişafına töhfə vermiş qadınlar haqqında məlumatlar, onların fotoşəkilləri, zərif cinsin nümayəndələrinin öz dövlətləri tərəfindən layiq görüldüyü mükafatlar, ixtira və elmi əsərlərin qısa xülasəsi yer alacaq.
Qeyd edək ki, İƏT-in Baş Katibliyi ötən il İslam İnkişaf Bankı, ICESCO və COMSTEC ilə birlikdə qadınların və qızların elm-texnologiya sahəsində təhsil almaları üçün şərait yaradılması, onların mühəndislik və riyaziyyat üzrə apardıqları elmi tədqiqatların dəstəklənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə