II RESPUBLİKA KİTAB SATIŞ-SƏRGİSİ AÇILMIŞDIR
Mərasimdə Kitab Klubunun direktoru Elxan Rzayev, professor Bayram Allahverdiyev, “Şirvannəşr” nəşriyyatının direktoru Qəşəm İsabəyli və başqaları iştirakçıları Respublika günü münasibəti ilə təbrik etmiş, satış-sərginin məqsədi, nümayiş olunan kitablar, nominasiyalar haqqında məlumat vermişlər. Bildirilmişdir ki, sərgidə ən yaxşı nəşriyyat işinə görə (mövzunun aktuallığı, dizayn), ən yaxşı poliqrafik icraya görə (çap, cildləmə), oxucu seçimi və iki gün ərzində ən çox satılmış kitab nominasiyaları üzrə müsabiqə keçirilir. Həmçinin, kitab lotereyası keçiriləcəyi, püşkatma ilə 15 tamaşaçıya qiymətli kitabların hədiyyə ediləcəyi, mayın 29-da isə müsabiqənin qaliblərinə mükafat və diplomların təqdim olunacağı da diqqətə çatdırılmışdır.
Sərgidə bir çox tanınmış nəşriyyatlar - “Azərnəşr”, “Gənclik”, “Adiloğlu”, “Altun kitab”, “Şirvannəşr” və başqaları öz çap məhsullarını xüsusi stenddə nümayiş etdirirlər.
Müsabiqəyə təqdim edilmiş monumental əsərlər arasında - Abuzər Xələfov “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” (“Azərnəşr”), Sara Aşurbəyli “Bakı şəhərinin tarixi” (“Əbilov, Zeynalov və oğulları”), “Qabusnamə” (“Altun kitab”), “Mir Cəlal.Biblioqrafiya”(“Adiloğlu”), Şəfiqə Məmmədova “Anaların fəryadı” (“Gənclik”), Əlisa Nicat ”Müdriklik məbədi” (“Nərgiz”) və Plutarx” Siseron haqqında”, Siseron “Tuskulan söhbətləri” (“Adiloğlu”) kitabları tamaşaçıların diqqətini daha çox cəlb etmişdir.