II RESPUBLİKA KİTAB SATIŞ-SƏRGİSİNƏ YEKUN VURULMUŞDUR
Kitab Klubunun direktoru Elxan Rzayev 4 nominasiya üzrə qaliblərin adlarını açıqlayaraq, onlara mükafat və diplomları təqdim etmişdir. Münsiflər heyətinin rəyinə əsasən, ən yaxşı nəşriyyat işinə (mövzunun aktuallığı, dizayn) görə, I mükafata Sara Aşurbəylinin “Şirvanşahlar dövləti” (“Əbilov, Zeynalov və oğullar” nəşriyyatı), II mükafatlara “Qabusnamə” (Altun kitab) və “Qurani-Kərim” (Beynəlxalq Əl-Huda nəşriyyatı) kitabları layiq görülmüşdür. Ən yaxşı poliqrafik icraya (çap, cildləmə) görə, “Mizanul-Hikmət” (“Nurlar”) kitabı birinci, Məmməd Əlizadənin “Milli müdrikliyin Heydər Əliyev zirvəsi” (“Adiloğlu”) və Sara Aşurbəylinin “Şirvanşahlar dövləti” əsərləri isə ikinci mükafatları almışdır.
Oxucu seçimi nominasiyası üzrə I yeri Əli Abbasov, Mətləb Əlizadə, Etibar Seyidzadə və Mahilə Salmanovanın “İnformatika və kompyuterləşmənin əsasları” (“Xəzər Universiteti” nəşriyyatı) fundamental əsəri, II yeri isə “Qabusnamə” və Sara Aşurbəylinin “Bakı şəhərinin tarixi” (“Əbilov, Zeynalov və oğulları”) kitabları tutmuşdur. Sərgidə ən çox “Qanun” nəşriyyatının “Ya Əli” (Məhəmməd Peyğəmbərin vəsiyyəti) kitabı satılmışdır.
E.Rzayev sərginin işində fəal iştiraka görə, Naxçıvan Muxtar Respublikası Kitab Cəmiyyətinin sədri Gülçöhrə Məmmədovaya, “Şirvannəşr” nəşriyyatının direktoru Qəşəm İsabəyliyə və Qafqaz Universiteti nəşriyyatına fəxri diplomlar və hədiyyə təqdim etmişdir. Tədbirdə, həmçinin, püşkatma ilə 15 tamaşaçıya İsmayıl Şıxlının “Dəli Kür”, “İnternet.Azərbaycan İnternet resursları” və “Məşədi İbad” (ingilis dilində) kitabları hədiyyə edilmişdir.
Sonda qaliblər ürək sözlərini demiş və xatirə şəkli çəkdirmişlər.