III ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyent: Arzum prokuror olmaqdır
Bakı, 18 iyul, AZƏRTAC
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının III ixtisas qrupu üzrə 400 bal toplayaraq maksimal nəticə göstərən üç abituriyentdən biri Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əli Musa oğlu Məmmədzadədir.
Əli Məmmədzadə AZƏRTAC-a müsahibəsində bildirib ki, nəticəni öyrəndiyi an sevincini ilk olaraq ailə üzvləri ilə bölüşüb.
Müsahibimizin sözlərinə görə, hazırlıq prosesi gündəlik tapşırıqların həcmindən asılı olaraq dəyişib: “Dərsə ayırdığım vaxt tələb olunan materialın həcmindən asılı idi. Gündəlik tapşırıqlarımı tam yerinə yetirməyə çalışırdım”.
Abituriyent onu hazırlıq müddətində motivasiya edən əsas amillərdən də danışıb: “Gələcəkdə hüquqşünas kimi fəaliyyət göstərmək və uğurlar qazanmaq məni daim motivasiya edirdi”.
Gələcək planlarından söz açan Əli Məmmədzadə deyib: “ADA Universiteti və ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almağı düşünürəm. Hələ son qərarımı verməmişəm. Bu sahəni seçməyimin əsas səbəbi isə prokuror olmaq kimi ən böyük arzumu reallaşdırmaqdır”.
Yüksəl bal toplayan abituriyent qeyd edib ki, hazırlıq müddətində onun üçün ən çox diqqət və vaxt tələb edən fənn ədəbiyyat olub: “Ədəbiyyat fənni digərləri ilə müqayisədə daha çox vaxt və diqqət tələb edirdi. Bu fənnin öhdəsindən gəlməkdə müəllimimin böyük dəstəyi oldu. Onun tövsiyələri və göstərişləri sayəsində uğur əldə etdim”.
Qeyd edək ki, Əli Məmmədzadə hər iki mərhələnin cəminə görə 689.6 bal toplamaqla III ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 289.6 bal toplayıb.
Müxbir - Nərmin Murad