İki güləşçimiz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Bakı, 31 iyul, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıblar.
Murad Haqverdiyev (45 kq) dünya çempionatına inamlı qələbə ilə başlayıb. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qalibi ilk görüşdə Gürcüstan idmançısına vaxtından əvvəl qalib gəlib. Rusiyalı rəqibi üzərində də əzmkar qələbə qazanan M.Haqverdiyev adını yarımfinala yazdırıb. Ancaq bu mərhələdə iranlı güləşçiyə uduzan idmançımız iyulun 31-də bürünc medal uğrunda mübarizə aparacaq.
Çempionatda 51 kiloqram çəki dərəcəsində çıxış edən Riad Aslanov üçün debüt uğursuz alınıb. Həmyerlimiz iranlı rəqibinə uduzub.
Güləşçimiz Fərhad Kərimli (60 kq) ilk görüşdə çətinlik çəkmədən makedoniyalı həmkarını üstələyib. Həmyerlimiz 1/4 finalda amerikalı idmançını da məğlub edərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında İran təmsilçisinə məğlub olan F.Kərimli iyulun 31-də üçüncü yer uğrunda güləşəcək.
Məhəmmədəli Əliyev (71 kq) təsnifat mərhələsində Hindistan güləşçisi ilə bacarmayıb.