İKİ NƏFƏRİN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNƏN YOL-NƏQLİYYAT HADİSƏSİ
İyulun 7-də gecə saat 3.00 radələrində Gədəbəy rayonundan Bakıya gələn “İkarus” markalı sərnişin avtobusu Ələt-Qazıməmməd yolunun 182-ci kilometrliyində “Kamaz” markalı yük maşını ilə toqquşmuşdur. Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nəticədə “Kamaz”ın sürücüsü Oruc Cəfərov və avtobusun sərnişini Müşviq Məmmədov hadisə yerində həlak olmuşlar. Avtobusda olan digər 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq Ucar, Göyçay və Ağdaş xəstəxanalarına çatdırılmışdır. Hazırda onların vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı təhqiqat aparılır.