ELM VƏ TƏHSİL
İkili diplom proqramının tələbələri ABŞ-ın ən böyük enerji şirkətlərində olublar
Bakı, 15 may, AZƏRTAC
ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə birgə təklif etdiyi elektrik və elektroenergetika mühəndisliyi üzrə ikili diplom proqramının tələbələri ABŞ-ın Şimali Karolina ştatında yerləşən “Honeywell Smart Energy Systems” və “Duke Enerji” şirkətlərində olublar.
Bu barədə AZƏRTAC-a ADA Universitetindən bildirilib. Səfər Corc Vaşinqton Universitetinin Mühəndislik Məktəbinin Elektrik və Kompüter Mühəndisliyi Departamentinin əməkdaşları tərəfindən təşkil edilib. Tələbələri Elektrik və kompüter mühəndisliyi üzrə magistr proqramının kafedra müdiri professor Can Korman müşayiət edib.
ABŞ-ın ən böyük elektrik enerji şirkətləri arasında yer alan “Honeywell Smart Energy Systems” və “Duke Enerji” artıq 100 ildən çoxdur ki, fəaliyyət göstərir. Sözügedən şirkətlər ABŞ-ın Şarlott şəhərində təsis edilsə də, hazırda bir çox ştatlarında fəaliyyətlərini uğurla davam etdirir.