İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya çərçivəsində 11 sənəd imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanmış sənədlər tikinti və inkişaf, rəqəmsal iqtisadiyyat, bərpaolunan enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı, idman və investisiyaların təşviqi sahələrini əhatə edir.
İqtisadiyyat nazirinin müavini Anar Axundov ilə Vyetnamın “ROX Group Joint Stock Company” (ROX Group) şirkətinin baş icraçı direktorunun müavini Ta Ngoc Da tikinti və inkişaf sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
İqtisadiyyat nazirinin müavini Azər Bayramov ilə “Microsoft”un Rumıniya, Moldova və MDB regionunun baş direktoru Qabriela Popesku tərəfindən Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Energetika nazirinin müavini Elnur Soltanov ilə Vyetnamın “ROX Group Joint Stock Company”yə (ROX Group) daxil enerji şirkətlərinin İdarə Heyətinin sədri Phan Minh Tuan Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsinin qiymətləndirilməsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Yeni texnologiyalar əsasında silisium karbid, silisium oksid və silisium istehsalını nəzərdə tutan Əməkdaşlıq haqqında Memorandum Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və “Inovest AFEZCO” şirkətinin (Azərbaycan) təsisçisi Vitali Yevdokimenko tərəfindən imzalanıb.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ilə İsveçrənin “iCsquared GmbH” şirkətinin nümayəndəsi Zoltan Peter Jtuçlik tərəfindən “ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiyaları və emal müəssisələri layihələri üçün torpaqların uzunmüddətli icarəsinə dair Saziş” imzalanıb.
Ağdam quşçuluq layihəsi üzrə Anlaşma Memorandumunu Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov, “Agro Dairy” şirkətinin (Azərbaycan) icraçı direktoru Niyazi Əmirbəyov və Çexiyanın "AGROFERT, a.s." şirkətinin İdarə Heyətinin sədr müavini Petr Çinqr tərəfindən imzalayıblar.
Baytarlıq peyvəndlərinin istehsalı layihəsinə dair Anlaşma Memorandumunu Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və "VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş." direktoru Abdullah Tutak imzalayıblar.
Əczaçılıq istehsalı müəssisəsinin yaradılmasına dair Anlaşma Memorandumu Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və Slovakiyanın "Saneca Pharmaceuticals, a.s." şirkətinin baş maliyyə direktoru Ondrej Draqun tərəfindən imzalanıb.
Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən "Azər-Türk Bank" ASC-də nəzarət etməyən payın əldə edilməsinə dair Şərtlər Toplusunu Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Dəyanət Sədullayev və Oman İnvestisiya Qurumunun "G2G Funds" üzrə böyük meneceri Saif Almahrouqi imzalayıblar.
"Esyasoft", ADSEA və SOCAR arasında su sayğaclarının istehsalı imkanlarının araşdırılmasına dair Üçtərəfli Anlaşma Memorandumu SOCAR-ın prezidenti Rövşən Nəcəf, Birləşmiş Ərəb Əmirliklərinin “Esyasoft Technologies FZE” şirkətinin Bibin Çandra və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən imzalanıb.
İnvestisiyaların təşviqi sahəsində Azərbaycan və Ukrayna arasında əməkdaşlığa dair Anlaşma Memorandumu AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev və "UkraineInvest"in icraçı direktoru Maryna Xlistun tərəfindən imzalanıb.
İmzalanan sənədlər müxtəlif sektorlar üzrə yeni investisiya imkanlarının formalaşdırılmasına, istehsalın və ixrac potensialının genişləndirilməsinə, rəqəmsal və yaşıl texnologiyaların tətbiqinə, eləcə də Azərbaycanın beynəlxalq biznes və investisiya tərəfdaşlığının inkişafına yönəlib.