İQTİSADİYYAT
İKT sektorunda ABŞ-Azərbaycan əlaqələri müzakirə olunub
Bakı, 7 may, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, ikitərəfli münasibətlərin uğurlu inkişafından danışan nazir ölkəmizdə informasiya-kommunikasıya texnologiyaları (İKT) sahəsi üzrə həyata keçirilən islahatlar, regional təşəbbüslərdən söz açıb və Azərbaycanın koordinatorluq etdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinə ciddi marağın olduğunu qeyd edib. Ə.Abbasov ölkəmizdə müşahidə edilən internetin inkişaf meyilləri, gələcəkdə bu inkişafa təkan verəcək “Milli genişzolaqlı internetin inkişafı” layihəsi, eyni zamanda kosmik sənayenin inkişaf perspektivləri haqda danışıb. ABŞ şirkətlərinin Azərbaycan bazarındakı fəaliyyətinə toxunan Ə.Abbasov “Cisco Systems”, “HP”, “Microsoft” kimi şirkətlərlə qurulan əməkdaşlığı diqqətə çatdırıb.
Azərbaycanda aparılan islahatlarla tanış olduğunu qeyd edən səfir Robert Sekuta iqtisadiyyatın gələcək inkişafının təmin edilməsində İKT sektorunun prioritet istiqamət kimi önə çəkilməsindən məmnunluğunu ifadə edib. Peyk sənayesində Azərbaycan-ABŞ əməkdaşlığına xüsusi toxunan diplomat gələcəkdə azərbaycanlı mütəxəssislərin ABŞ-da müəyyən ixtisaslar üzrə kadr hazırlığının aparılmasında, eləcə də İKT sahəsində ABŞ təcrübəsinin Azərbaycanla mübadiləsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə İKT sahəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişafı ilə bağlı digər məsələlər ətrafında da təkliflər səsləndirilib, perspektiv planlar ətrafında fikir mübadiləsi aparılıb.