İl ərzində tonlarla yararlılıq müddəti bitmiş və istifadəyə yararsız olan pestisidlər dövriyyədən çıxarılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Ölkəmizdə qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin bitki sağlamlığı və bitki mühafizəsi vasitələrinin, aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib. Bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturu yaradılıb, kadr və elmi potensial gücləndirilib, beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilib, informasiya sistemi müasirləşdirilib və digər əhəmiyyətli tədbirlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Pestisidlərin həyat dövriyyəsinin idarə edilməsi” mövzusunda regional seminarda çıxışı zamanı deyib.
"AQTA tərəfindən həyata keçirilən yoxlama nəzarət tədbirləri nəticəsində, pestisidlərin saxlanıldığı anbarlarda, satış obyektlərində, bitkiçilik təsərrüfatlarında dövlət qeydiyyatına alınmamış, yararlılıq müddəti bitmiş, həmçinin aparılmış laborator sınaqlar nəticəsində keyfiyyət parametrləri normativ göstəricilərə uyğun gəlməyən kifayət qədər saxta preparatlar aşkarlanıb. İl ərzində tonlarla yararlılıq müddəti bitmiş və istifadəyə yararsız olan pestisidlər agentliyin inventarlaşdırma komissiyasının müvafiq rəyi ilə dövriyyədən çıxarılıb və təhlükəsizliyin təmin olunması məqsədilə "Cəngi" pestisid poliqonuna daşınıb. Eyni zamanda, agentlik tərəfindən əhalinin və ətraf mühitin qorunması məqsədilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla 238 adda yüksək toksikliyə malik təsiredici maddələrin ölkəmizdə tətbiqi və dövriyyəsi qadağan edilib".