“İl Primato Nazionale” portalı Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən yazır
Roma, 29 oktyabr, AZƏRTAC
İtaliyanın “İl Primato Nazionale” xəbər saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təhlil olunduğu məqalə yerləşdirilib.
Beynəlxalq əlaqələr tarixində və BMT-nin fəaliyyəti çərçivəsində açıq yaralardan birinin unudulmuş Dağlıq Qarabağ münaqişəsi olduğunu yazan müəllif problemin tarixini, səbəblərini və acınacaqlı nəticələrini təhlil edir. Vurğulayır ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən olan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin fikirlərinə yer verilib: “Beynəlxalq təşkilatlar hər hansı bir ərazinin işğalı məsələsinə kifayət qədər ciddi yanaşmır. Belə ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu sənədlərin icrasına lazımi nəzarət həyata keçirilmir”.
Münaqişənin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupunun tarixindən və fəaliyyətindən bəhs olunan yazıda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq aktorların üzərlərinə götürdükləri öhdəlikləri heç də sonunadək reallaşdıra bilmədiklərinin əsl nümunəsidir. Bu problemin həllinə beynəlxalq birlik sanki az maraq göstərir. BMT-nin müvafiq qətnamələrinin icrasına heç bir nəzarətin olmaması bu günədək yüz minlərlə insanın həyatına bais olub.
Tarixən ermənilərin azərbaycanlılara qarşı soyqırımıları törətdiklərini yazan müəllif Quba Soyqırımı Memorial Kompleksindən də bəhs edib. Qeyd edib ki, tədqiqatlar zamanı məzarlıqdan xeyli sayda insan cəsədi tapılıb. Müəllif, həmçinin Azərbaycanın elmi dairələrinin mövqeyini qeyd edərək vurğulayır ki, ermənilər regionda “Böyük Ermənistan” yaratmaq xülyasındadırlar. Lakin bu gün Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilməklə bu xülyanın reallaşmasına zərrə qədər də imkan vermir.
Daha sonra Azərbaycanın enerji ehtiyatlarının Avropa bazarlarına çıxarılmasının əhəmiyyətindən, ölkəmizin birbaşa iştirakçısı və təşəbbüskarı olduğu enerji layihələrindən, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərindən bəhs edilir. Diqqətə çatdırılır ki, bu layihə Azərbaycanın inkişafına töhfə verməkdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma