İLHAM ƏLİYEV YENİ NƏSİL RƏHBƏRLƏRİNİN NÜMAYƏNDƏSİDİR
“Arqumentı i faktı” həftəlik qəzetinin baş redaktoru Nikolay Zyatkov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, Azərbaycanda İTAR-TASS günlərinin iştirakçıları Bakıya səfərdən ən səmimi və xoş təəssüratla qayıtdılar. Qonaqları Bakıda tikintinin böyük vüsət alması daha çox heyran etmişdir. N.Zyatkov demişdir: “Mən ölkəyə və hazırda müstəqil dövlətlər olan keçmiş qardaş sovet respublikalarına tez-tez səfərə çıxıram. Amma tikintinin belə vüsət almasını çox az yerdə görmüşəm. Bu onu göstərir ki, ölkə iqtisadiyyatı yüksəlişdədir. Bu, mənə müəyyən mənada Moskvanı xatırladır, bildiyiniz kimi, burada, az qala, hər addımbaşı nə isə tikilir, ucaldılır. Zənnimcə, kütləvi tikinti baxımından Bakıda da vəziyyət bu cürdür”.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüş Rusiya nümayəndə heyətinin bütün üzvlərinin xatirində silinməz izlər buraxmışdır. Jurnalist demişdir: “Azərbaycan Prezidenti İlham Əliyevlə açıq söhbət də məni heyran qoydu. Onun haqqında çox eşitmişdim, amma görüş mənə güclü təsir bağışladı. Fəaliyyətimizlə əlaqədar biz bir çox dövlət başçıları ilə görüşürük. Məsələn, bu yaxınlarda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşümüz oldu. O da ölkəsi haqqında maraqlı çox şey danışdı. Lakin biz jurnalistlər başa düşürük ki, bəzən belə söhbətlər də reklam çalarları olur. Əlbəttə, sözün yaxşı mənasında. Belə ki, onlar öz fəaliyyəti barədə, bir növ, hesabat verirlər. Bu, onlar üçün əzizdir, onlar bununla yaşayırlar və əlbəttə ki, qonaqlara yaxşı işlərdən danışmaq istəyirlər. Amma Azərbaycan Prezidenti ilə görüşdə Azərbaycanda mövcud problemlər də göstərildi və dövlət başçısı onlar barədə açıq danışdı. Bir sözlə, cavan rəhbərdir, yeri gəlmişkən, bizim Putin kimi, onlar rəhbərlərin yeni nəslinin nümayəndələridir, savadlıdırlar, zəngin informasiya ehtiyatına malikdirlər, hər hansı problem barəsində nəinki, sadəcə olaraq, ümumi rəy söyləyə və ona qiymət verə, həm də rəqəmlər gətirirlər, bu və ya digər problemdə olan gizli əngəllərə də bələddirlər. Yəni, burada söhbət o rəhbərlərdən getmir ki, onlar rəhbərlik edir, aparat isə hər şeyi yerinə yetirir. O insanlardan gedir ki, onlar bütünlüklə ölkənin siyasəti, problemləri ilə məşğuldurlar”. “Arqumentı i faktı” qəzetinin baş redaktoru sözünü belə tamamlamışdır: “Prezident də, ümumən ünsiyyətdə olduğumuz insanlar da çox səmimiliyi, mehribanlığı ilə, məsələlərə ağıllı, düşünülmüş, əlbəttə, müəyyən dərəcədə praqmatik münasibətləri ilə xoş təsir bağışladılar. Başqa cür ola da bilməz. Axı, söhbət ölkədən gedir və onun rəhbəri də istəyir ki, ölkə daha yaxşı inkişaf etsin. Demək istəyirəm ki, bizə təkcə sağlıqlar və ya siyasi bəyanatlar səviyyəsində deyil, eləcə də iqtisadiyyatın ayrı-ayrı sahələrinin qarşılıqlı inkişafına, informasiya mübadiləsinə, - bu isə biz jurnalistlər üçün çox vacibdir, - əsaslanan çox xoş, mehriban münasibət göstərilirdi. Bir-birinə kömək göstərmək, qarşılıqlı mübadiləyə bağlı olan sahələri inkişaf etdirmək niyyəti var və bu, sevindirici haldır. Bizə göstərilən xeyirxahlıqdan, qonaqpərvərlikdən, habelə işgüzar münasibətdən xeyli məmnun olduq. Biz qonşuyuq və buna görə də bizi birləşdirən istər siyasi, istərsə də coğrafi-siyasi mənafelər olduqca çoxdur və onlardan istifadə etmək lazımdır”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva