İLİN BİRİNCİ YARISININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə avqustun 1-də keçirilən Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası bölgələrdə geniş müzakirə edilir.
GORANBOY
Goranboyda keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Elşən Abasov hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq 6 ay ərzində görülən işləri təhlil edərək demişdir ki, ötən dövr ərzində rayonda 2 milyon 600 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. 30 min hektarda yetişdirilmiş kənd təsərrüfatı məhsullarının satışından 16 milyon manat gəlir əldə edilmişdir. 17329 hektar taxıl zəmisindən 42941 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründəkindən 4 min ton çoxdur. Kartof, tərəvəz və meyvə istehsalında da yüksək göstəricilərə nail olunmuşdur. Toplanan məhsulun 200 tonu Bakıda keçirilən yarmarkalarda satılmışdır.
Qazanılan nailiyyətlərin əhalinin sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərdiyini bildirən məruzəçi qeyd etmişdir ki, yarım ildə əhalinin pul gəlirləri 58,3 milyon manat, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,9 faiz çox olmuşdur. Məhsul istehsalı 546,1 min manat, adambaşına düşən gəlir isə 640 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
Yığıncaqda rayon təhsil şöbəsinin müdiri Elmar Əliyev, maliyyə idarəsinin rəisi İltifat Sadıqov, qaz-istismar idarəsinin rəisi İlham Məmmədov, paylayıcı elektrik şəbəkəsinin rəisi Məzahir Abbasov və başqaları çıxış edərək, rəhbərlik etdikləri sahələrdə 6 ay ərzində qazanılan uğurlardan, qarşıya qoyulan vəzifələrlə bağlı görüləcək işlərdən danışmışlar.
XANLAR
Rayon icra hakimiyyətinin başçısı Arif Seyidov yarım il ərzində rayonda görülən işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verərək qeyd etmişdir ki, ötən dövr ərzində respublikamızda əldə olunan nailiyyətlər Xanlar rayonu üçün də xarakterik olmuşdur.
Rayonda abadlıq və quruculuq işləri uğurla davam etdirilmiş, küçə və xiyabanlarda piyada yolları çəkilmiş, su arxları beton plitələrlə yenidən qurulmuşdur. Rayon mərkəzindən Şəhriyar kəndinə çəkilən 14 kilometrlik avtomobil yolunun 9 kilometrinə asfalt örtüyü salınmış, Gəncə-Göygöl avtomobil yolunun Xanlardan keçən 2 kilometrlik hissəsi tamamilə yenidən qurulmuşdur. Rayon mərkəzində çirkab suların axıdılması üçün 16 kilometrlik kanalizasiya xətti istifadəyə verilmişdir. Əvvəllər məişət tullantıları atılan ərazilər abadlaşdırılaraq yerində park və xiyabanlar salınmışdır. 11 mindən çox müxtəlif növ ağac və dekorativ gül kolları əkilmişdir. Küçələr işıqlandırılmış, 30 il əvvəl tikintisi yarımçıq qalmış beşmərtəbəli inzibati binanın layihəsi müasirləşdirilərək tikintisi başa çatdırılmış, ətrafında böyük ərazini əhatə edən gözəl və yaraşıqlı, fəvvarələrlə əhatə olunmuş park salınmışdır.
Məruzəçi və çıxış edənlər yarım ildə rayon iqtisadiyyatında qazanılan uğurlardan danışarkən qeyd etmişlər ki, əldə olunmuş nailiyyətlər əhalinin maddi vəziyyətinin daha da yaxşılaşmasına geniş imkanlar açmışdır. Yeni istifadəyə verilən istehsalat sahələrində 300 nəfərədək insan işlə təmin olunmuşlar.
Yığıncaqda cari ilin ikinci yarısında görüləcək işlərlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.