“İLİN QADINI”NI MÜƏYYƏNLƏŞDİRMƏK ÜÇÜN SORĞU KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində “Lider” Qadınlar İctimai Birliyi tərəfindən Azərbaycanda 2004-cü il üzrə “İlin qadını”nı müəyyənləşdirmək məqsədi ilə aparılacaq sorğunun müzakirəsi keçirilmişdir.
Milli Məclisin deputatı, birliyin sədri Məlahət Həsənova sorğu haqqında ətraflı məlumat vermiş və demişdir ki, Azərbaycan Sosioloqlar Assosiasiyasının ekspertləri “İlin qadını”nı respublikanın bütün regionlarında, əhalinin müxtəlif yaş və sosial qrupları, eləcə də müxtəlif siyasi mənsubiyyətli insanları arasından seçəcəkdir. Sorğular Nyu-Yorkda BMT-nin Baş Məclisində keçiriləcək Qadınların IV Beynəlxalq Konfransının 10 illiyinə həsr edilmiş 49-cu xüsusi sessiyaya hazırlıq çərçivəsində aparılır.
Ekspertlər Şurasının üzvləri professor Ağabəy Sultanov, publisist Elmira Axundova, YUNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hana Singer və digər natiqlər vurğulamışlar ki, yaxın vaxtlarda beynəlxalq standartlara uyğun keçiriləcək sorğunun nəticələri mədəniyyət, publisistika, ictimai-siyasi, elm-təhsil, idman, beynəlxalq və digər sahələrdəki xidmətlərə görə qiymətləndiriləcəkdir.