ELM VƏ TƏHSİL
İmtahanda olan sanitar-gigiyenik qaydalar mütləq dəyişəcək
Bakı, 21 aprel, AZƏRTAC
Karantin rejiminin qaydalarına uyğun olaraq biz imtahanların formatını da müəyyənləşdirəcəyik. İmtahan kütləvidir. İmtahanlarda kütləvilik məsələsinin həlli Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən ediləcək. Amma biz artıq bilirik ki, imtahanın özündə olan sanitar-gigiyenik tələblər mütləq dəyişəcək. Bir partanın arxasında yalnız bir insan otura bilər. Halbuki əvvəl stol arxasında iki nəfər otururdu. İndi əsas məqsəd - sanitar-gigiyenik təhlükəsizliyin təmin edilməsi üçün şagirdlər bir-bir oturacaq. Onların arasında 1,5 metr məsafə olmalıdır. Biz bu normativləri nəzərə alacağıq.
AZƏRTAC xəbər verir ki, bu fikri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 21-də keçirdiyi mətbuat konfransında səsləndirib. O xatırladıb ki, martın 1-də keçirilmiş imtahanlarda şagirdlər hərarəti yoxlanılaraq imtahana buraxılıb.
M.Abbaszadə diqqətə çatdırıb ki, imtahandan əvvəl auditoriyalarda bütün sanitar-gigiyenik tələblərlə bağlı zəruri işlər görüləcək. Bu işdə təkcə Dövlət İmtahan Mərkəzinin deyil, müəyyən qurumların da əməkdaşları iştirak edir. Yəni bu, sadə proses deyil. Biz Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında öz qrafikimizi və planlarımızı tutacağıq.