İndiyədək ANAMA tərəfindən 3507 partlamamış hərbi sursat aşkarlanıb
Bakı, 15 may, AZƏRTAC
Mayın 14-də saat 12:33-də Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətindən və saat 13:09-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Şakir Həsənov küçəsində iki partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.
Mayın 14-15-də agentliyin mütəxəssisləri və DİN-in Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə ərazidə bir evə və həyətyanı sahəyə baxış keçiriblər. Agentliyin mütəxəssisləri ev sahibinin göstərdiyi 200 kvadratmetr ərazidə yeraltı yoxlama aparıblar. Ərazidə 1,5 metr dərinliyində iki çala qazılıb, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1-dən mayın 15-dək ANAMA tərəfindən 3507 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə 3 mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 80 min 665 kvadratmetr ərazi yoxlanılıb.