İNDİYƏDƏK MARŞALL MƏRKƏZİNDƏ AZƏRBAYCANIN 40 NƏFƏR ZABİTİ TƏHSİL ALMIŞDIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, general-polkovnik Səfər Əbiyev qonağı salamladıqdan sonra Azərbaycan zabitlərinin Marşall Mərkəzində təhsil almalarına və mütəxəssis kimi yetişmələrinə göstərilən köməyə görə təşəkkür etmişdir. Nazir demişdir ki, biz zabitlərimizi Marşall Mərkəzinə 1996-cı ildən göndəririk. İndiyədək Mərkəzdə Azərbaycandan 40 nəfər zabit təhsil almışdır. Bu Mərkəz Azərbaycan Respublikası kimi gənc dövlətlərə xüsusilə lazımdır.
Doktor Con Rouz səmimi qəbul üçün müdafiə nazirinə təşəkkür edərək demişdir ki, Marşall Mərkəzinin əhəmiyyəti barəsində sizinlə fikir mübadiləsi aparmaq mənim üçün çox xoşdur. O, Azərbaycandan Marşall Mərkəzinə hazırlıqlı zabitlər göndərildiyinə görə müdafiə nazirinə təşəkkür etmiş, direktoru olduğu qurumun təyinatı, strukturu, fəaliyyəti və tədris prosesi haqqında ətraflı məlumat vermişdir. Qonaq demişdir: “Hazırda Marşall Mərkəzində 31 ölkədən 200 nəfər dinləyici təhsil alır ki, onların 9 nəfəri Azərbaycandandır. Demək olar ki, Cənubi Qafqaz regionunun və digər regionların üzləşdiyi bütün məsələlər Marşall Mərkəzində öyrənilir. Biz Mərkəzdə müxtəlif problemlərin həlli üzrə konfranslar, seminarlar və kurslar da keçiririk”.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud problemlər barədə qonaqla fikir mübadiləsi etmişdir. O demişdir ki, Azərbaycanın ən böyük problemi torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olması və bir milyondan artıq qaçqın və köçkünun ağır şəraitdə yaşamasıdır. Azərbaycan NATO ilə “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində ən fəal əməkdaşlıq edən dövlətlərdən biridir. Azərbaycan, eyni zamanda, Qərb dövlətləri, birinci növbədə, Amerika Birləşmiş Ştatları ilə iqtisadi sahədə fəal əməkdaşlıq edir.
Sonra o, Azərbaycanda həyata keçirilən iri iqtisadi layihələr haqqında qonağa məlumat verərək demişdir ki, bu iri layihələrin təhlükəsizliyini təmin etmək qarşımızda duran əsas vəzifədir. Ermənistanın işğal etdiyi ərazilərdə isə külli miqdarda silah və sursat yerləşdirilmişdir ki, bu da döyüş əməliyyatlarının yenidən başlanması təhlükəsini yaradır.
Təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını qeyd–şərtsiz boşaltmaq haqqında Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə və Təhlükəsizlik Şurası sədrinin bəyanatına baxmayaraq, işğalçılıq iddialarından əl çəkmir.
Ermənistan və Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının iştirakçılarıdır. Hər iki dövlət bu proqrama daxil olarkən bir–birinin dövlət sərhədlərini və ərazi bütövlüyünü tanımaq barədə öhdəlik götürmüşdür. Lakin Ermənistan bu öhdəliyi də yerinə yetirmir. Təəssüflər olsun ki, NATO rəhbərliyi bu günə qədər bunu Ermənistandan soruşmayıb və onun Azərbaycan torpaqlarını işğal etməsi faktına qiymət verməyib. Hətta bəzi dövlətlər işğalçı Ermənistanı dəstəkləyir və biz də zaman keçdikcə bu qənaətə gəlirik ki, torpaqlarımızı güc vasitəsilə azad etməliyik.
Doktor C.Rouz general–polkovnik S.Əbiyevə Azərbaycanın təhlükəsizlik məsələləri ilə bağlı ətraflı məlumat verdiyinə görə təşəkkür etmişdir.
Sonra tərəflər onları maraqlandıran digər məsələlərə toxunmuş və general-polkovnik S.Əbiyev qonağın suallarını cavablandırmışdır.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Rino Harniş iştirak etmişdir.