İndoneziya Çini 13 milyard dollarlıq infrastruktur layihələrində iştiraka dəvət edib
Tokio, 30 avqust, AZƏRTAC
İndoneziya hökuməti Çin investorlarını ümumi dəyəri 13,2 milyard dollar təşkil edən infrastruktur layihələrində iştiraka dəvət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Straits Times” nəşri İnvestisiyalar üzrə Əməkdaşlıq Milli Agentliyinə istinadla məlumat yayıb.
Agentlik rəhbərinin müavini Tamba Xutapinin sözlərini sitat gətirən nəşr yazır: “Söhbət elektrik stansiyalarının tikintisindən, həmçinin bir sıra əyalətlərdə ödənişli yollar şəbəkəsinin yaradılmasından gedir. Bu yaxınlarda biz Çinin Quançjou şəhərində ümumi dəyəri 13,2 milyard dollar olan layihələri təqdim etmişik”. O əlavə edib ki, hökumət ölkə ərazisində əcnəbi şirkətlərin fəaliyyətinə qarant kimi çıxış edəcək.
İndoneziya Prezidenti Coko Vidodo bir neçə il əvvəl infrastrukturun yaradılması və müasirləşdirilməsi barədə nəhəng layihə ilə çıxış edib. Həmin layihəyə yeni aeroportların inşası, dəmir yollarının və sürətli magistralların çəkilişi, ictimai nəqliyyatın inkişafı daxildir. Bu plan, ümumilikdə, 150 milyard dollar dəyərində qiymətləndirilir ki, onun da yalnız 15 milyardı dövlət büdcəsindən ayrılacaq.
Ötən il İndoneziya iqtisadiyyatına 5,5 milyard dollar investisiya yönəldən Çin Yaponiyanı ötərək ikinci yerə qalxıb. Birinci yeri isə 8,4 milyard dollar sərmayə qoyan Sinqapur tutur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio