İndoneziyada “İƏT Modeli Simulyasiyası-2023” tədbiri keçirilib
Bakı, 24 oktyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), İndoneziya Milli Gənclər Şurası, İndoneziya İƏT Gənclər Təşkilatı, Santri Diplomatiya Akademiyası və bu ölkədən olan digər qurumların təşkilatçılığı ilə Baqor şəhərində (İndoneziya) iki gün ərzində bu ölkənin ən mühüm gənclər günü olan Milli Santri Günü çərçivəsində “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Simulyasiyası” tədbiri keçirilib.
İƏGF-dən AZƏRTAC-a bildiriblər ki, Proqramın əsas məqsədi İƏT ölkələrində fəaliyyət göstərən gənclərin liderlik qabiliyyətlərinə, kommunikativ və beynəlxalq arenada təmsilçilik bacarıqlarına töhfə verməkdir.
Tədbirin açılış mərasimində müqəddəs “Qurani-Kərim”dən ayə oxunduqdan sonra çıxış edənlər qloballaşan və təhdidlərin artdığı dünyada müsəlman həmrəyliyinin vacibliyindən, İƏT-in müsəlman dünyasında oynadığı roldan, eləcə də son zamanlar Cənub-Şərqi Asiyada yerləşən müsəlman gənclər təşkilatları arasında bu proqrama olan marağın sürətlə artmasından danışıblar.
İclasa onlayn formatda qoşulan İƏGF Avrasiya Regional Mərkəzinin direktor vəzifələrini icra edən Vüsal Qurbanov çıxışında çətin vaxtlarda, xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə indoneziyalı dostlarımızın yanımızda olduqlarını bildirib. O deyib: “Bu gün Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyünü uğurla tam şəkildə bərpa edib. Ümid edirik ki, analoji münaqişələrlə üzləşən digər xalqlar da sülh yolu ilə oxşar nəticələrə nail ola bilərlər”.
Tədbirin birinci günündə İndoneziyadan olan ekspertlərin moderatorluğu ilə “Sülh şəraitində birgəyaşayışa dəstək” və “Mənəvi ekologiya vasitəsilə qlobal dayanıqlılığa töhfə” mövzuları üzrə panel müzakirələri təşkil olunub.
Yüzdən çox gənc nümayəndənin qatıldığı tədbirin ikinci günü isə “Regional məsələlər və həmrəylik üzrə İƏT xarici işlər nazirlərinin prioritet gündəliyi” mövzusunda İƏT xarici işlər nazirlərinin iclasının simulyasiyası keçirilib.
Qeyd edək ki, İndoneziyada indiyə qədər “İƏT modeli” proqramı çərçivəsində keçirilən tədbirlərə 2000-ə yaxın gənc qatılıb.
“İƏT Modeli” proqramı ilk dəfə 2011-ci ildə İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda həyata keçirilib. Həmin dövrdən etibarən bu proqram Azərbaycan təcrübəsinə əsasən, İƏT-ə üzv 40-dan çox ölkədə hər il həm milli, həm də beynəlxalq səviyyədə uğurla həyata keçirilir.