İnklüziv və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
Bakı, 15 dekabr, AZƏRTAC
Artıq dörd ilə yaxındır fəaliyyət göstərən “Yaşam” xeyriyyə komandası sosial həssas qruplara, xüsusilə inklüziv uşaqlara dəstək məqsədilə mütəmadi olaraq xeyriyyə tədbirləri həyata keçirir. Komandamız bu müddət ərzində uşaq evlərində, qocalar evlərində, sığınacaqlarda olub, aztəminatlı və ehtiyacı olan ailələrə ərzaq və digər yardımlar göstərib, müxtəlif sosial layihələr və tədbirlər təşkil edib. Bütün fəaliyyətlər heç bir şirkət və ya qurum tərəfindən maliyyələşdirilmir, yardımlar yalnız komandanın öz vəsaiti və könüllü ianələr hesabına həyata keçirilir.
Bu barədə AZƏRTAC-a “Yaşam” xeyriyyə komandasının rəhbəri Rauf Aslanov məlumat verib.
Rauf Aslanov qeyd edib ki, “Yaşam” xeyriyyə komandasının əsas hədəf qruplarından biri inklüziv uşaqlardır. Xüsusilə Daun sindromlu, autizmli və fiziki məhdudiyyətli uşaqlar üçün sosial inteqrasiyanı təşviq edən tədbirlərə üstünlük verilir. Bu məqsədlə dekabrın 14-də keçirilən sonuncu tədbirə 30 uşaq cəlb olunub. Onlardan 6-sı aztəminatlı ailələrin övladları, qalanları isə Daun sindromlu, autizmli və fiziki məhdudiyyətli uşaqlar olub.
Onun sözlərinə görə, tədbirin əsas məqsədi bu uşaqların cəmiyyət daxilində özlərini kənarda hiss etməmələri, ayrı-seçkiliklə üzləşməmələri və digər uşaqlarla bərabər, eyni mühitdə vaxt keçirmələrinə şərait yaratmaqdır. “Tədbir zamanı uşaqlar üçün əyləncəli proqram təşkil olunub, onların sevinc hissi yaşaması bizim üçün əsas prioritet idi. “Yaşam” xeyriyyə komandası Vətən müharibəsi dövründə də fəal olub, ön cəbhədə xidmət edən hərbi qulluqçulara və mövqelərə yardım göndərib”, - deyə R.Aslanov əlavə edib.
Komandanın digər rəhbəri Əfsanə Nərimanova bildirib ki, bu cür tədbirlər həm uşaqlar, həm də onların valideynləri üçün mühüm mənəvi dəstək rolunu oynayır. Valideynlərin minnətdarlığı və duaları isə komandanın fəaliyyətini davam etdirməsi üçün əsas motivasiya mənbəyidir.